Mütəxəssislər xəbərdarlıq edir ki, qəlyanaltının tərkibi qədər onun hansı vaxtda qəbul edilməsi də sağlamlıq üçün həlledici rol oynayır. Xüsusilə gecə saatlarında qidalanmaq bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Diyetoloqlar bildirirlər ki, gecə qəlyanaltısı qanda şəkərin səviyyəsinə, çəkiyə nəzarətə və ümumi metabolizmə mənfi təsir göstərə bilər. Qeyd olunur ki, ara-sıra axşam saatlarında yüngül qidalanma problem yaratmasa da, bu, vərdişə çevrildikdə risklər artır.
Mütəxəssis Lindsi DeSoto vurğulayır ki, orqanizm qidaları günün erkən saatlarında daha effektiv şəkildə emal edir: "Bu, bədənin bioloji saatı, yəni sirkadiyal ritmlə bağlıdır. Gün ərzində aclıq və enerji hormonları aktiv olur, gecə isə bu balans dəyişir. Araşdırmalar göstərir ki, gecə saatlarında qidalanmaq bu ritmi pozaraq maddələr mübadiləsinə təsir edir."
Harvard Medical School (Harvard Tibb Məktəbi) alimlərinin araşdırmasına görə, gecə saatlarında yemək toxluq hissini azaltmaqla aclığı artıra bilər. Təcrübələr zamanı gec qidalanan şəxslərdə toxluq hormonu olan leptinin səviyyəsinin daha aşağı olduğu müəyyən edilib. Bundan əlavə, gec saatlarda qəlyanaltı qəbul edən şəxslərdə kalori yandırılması daha yavaş gedir və yağ yığılmasını stimullaşdıran mexanizmlər aktivləşir.
Mütəxəssislər bildirirlər ki, gecə saatlarında karbohidratlı qidalar qəbul etmək qanda şəkərin səviyyəsinin kəskin artmasına səbəb ola bilər. Bunun səbəbi isə gecə vaxtı insulin hormonunun daha az ifraz olunmasıdır. Eyni zamanda, yuxu hormonu olan melatonin də insulinə həssaslığı azaldır və qlükozanın mənimsənilməsini çətinləşdirir.
Dietoloq Kristina Manian qeyd edir ki, bu səbəbdən gecə qəlyanaltısı orqanizmin qlükozanı emal etmək qabiliyyətini zəiflədir və uzunmüddətli perspektivdə xroniki xəstəlik riskini artırır. Mütəxəssis daha sağlam yanaşma kimi qəlyanaltının günün erkən və ya günorta saatlarında qəbul edilməsini tövsiyə edir. Ən uyğun vaxt isə aclıq hissinin yarandığı, enerjinin azaldığı və növbəti əsas qidalanmaya hələ vaxt qaldığı dövrdür.
Qeyd olunur ki, protein və liflə zəngin qəlyanaltılar, məsələn, meyvə və qoz-fındıq məhsulları, tərəvəzlər və süd məhsulları daha uzun müddət toxluq hissi yaradır və qanda şəkərin səviyyəsinin sabit qalmasına kömək edir.
Şahnigar Əhmədova, "İki sahil"