30 aprel 2026 13:43
190

SOCAR I rübə dair qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ilin I rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Məlumata əsasən, cari ilin birinci rübündə SOCAR tərəfindən 13 min metrə yaxın qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda hesabat dövründə 1,67 milyon ton neft, həmçinin 1,85 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 0,4 % artaraq 12,64 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2026-cı ilin birinci rübü üzrə Azərbaycanda 6,63 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 3,52 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz istehlakı 4,76 milyard kubmetr, qaz ixracı isə 6,9 % artaraq 6,5 milyard kubmetr təşkil edib.

Cari ilin birinci rübündə SOCAR tərəfindən 1,45 milyon ton neft, 636 milyon kubmetr qaz emal edilib. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 % artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 394 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.