30 aprel 2026 13:32
146

Elektron xidmətlərin tətbiqi vətəndaşların sosial xidmətlərə çıxışını da əhəmiyyətli dərəcədə sadələşdirib - EKSKLÜZİV

 Bu, həm vaxt itkisinin qarşısını alır, həm də regionlarda yaşayan vətəndaşlar üçün əlçatanlığı artırır

Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılması son illərdə dövlət idarəçiliyində tətbiq olunan ən uğurlu transformasiya nümunələrindən biridir. Bu proses vətəndaş məmnuniyyətini artırmaqla yanaşı, dövlət resurslarının idarə olunmasında da şəffaflığı təmin edib.

Bunu DOST RİM-in layihələr üzrə koordinatoru Vüsalə Müzəffərova “İki sahil”ə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, bu istiqamətdə ən böyük nailiyyət xidmətlərin müraciət əsaslı modeldən proaktiv modelə keçməsidir. Belə ki, proaktiv mexanizmlə vətəndaşın hüququ yaranan anda - məsələn, pensiya yaşına çatdıqda, övladı doğulduqda və ya əlillik təyinatı zamanı sistem dövlət qurumlarının informasiya sistemlərindəki məlumatlarını analiz edərək xidməti avtomatik təyin edir.Artıq bir neçə ildir ki, ölkəmizdə tətbiq edilən bu model vətəndaşın quruma getmək və sənəd toplamaq yükünü tamamilə aradan qaldırıb. 

V.Müzəffərova diqqətə çatdırıb ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlərin 90 %-dən çoxu elektronlaşdırılıb. Ölkə üzrə vahid sosial reyestr olan və hər bir vətəndaşa öz məlumatlarına çıxış əldə edə bilmək imkanı verən ”e-Sosial” portalı yaradılıb. Vətəndaş bu  portalıda öz kabinetində Nazirliyin informasiya sistemində formalaşan məlumatlarını görə bilir. Bu, vətəndaşın dövlətə olan inamını artırır və şəffaflığa zəmanət verir. Onu da qeyd edim ki, rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçidi məqsədilə görülən tədbirlər çərçivəsində “e-Sosial” mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlər də “mygov” platformasına inteqrasiya olunur və bu proses bitmək üzrədir. Proses bu ayın sonunadək tam yekunlaşacaq və mayın 1-dən “e-Sosial” tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq. Bu xidmətlər də artıq mərkəzləşdirilmiş şəkildə vahid platformadan - “mygov” platformasından təqdim ediləcək.
Elektron xidmətlərin tətbiqi vətəndaşların sosial xidmətlərə çıxışını da əhəmiyyətli dərəcədə sadələşdirib. Əvvəllər fiziki müraciət, növbə və sənəd toplama kimi mərhələlər tələb olunurdusa, bu gün bir çox xidmətlər onlayn platformalar vasitəsilə məsafədən təqdim olunur. Dövlət qurumları arasında rəqəmsal körpü sayəsində ”yalnız bir dəfə” prinsipi tətbiq olunur. Yəni, vahid dövlət bazasında olan məlumat vətəndaşdan təkrar kağız şəklində tələb edilmir. Bu, həm vaxt itkisinin qarşısını alır, həm də regionlarda yaşayan vətəndaşlar üçün əlçatanlığı artırır. Beləliklə də konkret nəticə olaraq xidmətlərin daha operativ təqdim olunması və vətəndaş məmnunluğunun yüksəlməsi müşahidə olunur.

Yaqut Ağaşahqızı, “İki sahil”