27 aprel 2026 17:41
97

“PR və şəxsi brendinq” mövzusunda təlim keçirilib

Azərbaycan İdman Akademiyasında “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən “Tələbənin dostu” layihəsi çərçivəsində tələbələr üçün “PR və şəxsi brendinq” mövzusunda maarifləndirici təlim təşkil olunub.

“İki sahil” xəbər verir ki,  təlimçi qismində İctimai Televiziyada yayımlanan “MZ” prodakşın tərəfindən hazırlanan “MAG” verilişinin baş prodüseri, Xəzər Universiteti Dünya Məktəbinin tədbirlər üzrə meneceri və Batıgöz Klinikasının PR meneceri Nailə Mirzəzadə olub.

N.Mirzəzadə PR sahəsində uzun illər ərzində qazandığı peşəkar təcrübəni bölüşərək tələbələrə ictimaiyyətlə əlaqələrin düzgün qurulması, şəxsi brendin formalaşdırılması, media ilə effektiv kommunikasiya və peşəkar reputasiyanın idarə olunması mövzularında geniş məlumat verib.

Təlimdə, xüsusilə sosial media platformalarında düzgün mövqelənmə, şəxsi imicin qorunması, uğurlu PR strategiyalarının hazırlanması və karyera inkişafında şəxsi brendin rolu ətrafında geniş müzakirələr aparılıb. Tələbələrə real iş təcrübəsindən nümunələr təqdim olunub və praktiki tövsiyələr verilib.
Təlim çərçivəsində Batıgöz Klinikası haqqında ətraflı məlumat təqdim edilib. Eyni zamanda tələbələrə klinika tərəfindən xüsusi endirim kartları təqdim olunub. Bu təlimdə fəal iştirak edən tələbələrdən biri isə xüsusi hədiyyə kartı ilə mükafatlandırılıb.

Sonda tələbələrin sualları cavablandırılıb.