12 noyabr 2026 18:02
93

YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri, İdarə Heyətinin üzvü Ramiz Hüseynov 12 Noyabr – Konstitusiya Gününün Azərbaycan dövlətçilik tarixindəki mühüm yerindən bəhs edib. O, müasir Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğu prosesinin əsas istiqamətlərini müəyyənləşdirərək ölkənin demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının möhkəm təməlini yaradıb.

Ramiz Hüseynov qeyd edib ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Azərbaycanın müstəqillik iradəsini, milli dövlətçilik ənənələrini və xalqın gələcək inkişaf strategiyasını özündə əks etdirən fundamental sənəddir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycanın dövlət suverenliyinin daha da möhkəmləndiyini, ölkənin bütün sahələrdə qazandığı nailiyyətlərin Konstitusiyada təsbit olunmuş prinsiplərin real həyatda təcəssümünü tapdığını diqqətə çatdırıb. O, xüsusilə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcı olmaqla, Konstitusiyanın aliliyinin bütün ölkə ərazisində təmin edilməsi baxımından da tarixi əhəmiyyət daşıyır.

Cəfər Cabbarlı adına Mədəniyyət Evinin direktoru Səadət Nəcəfova çıxışında Konstitusiyanın cəmiyyətin siyasi, hüquqi və sosial həyatında oynadığı mühüm roldan danışıb. O bildirib ki, əsas qanunda təsbit olunmuş milli-mənəvi dəyərlərin qorunması, insan hüquq və azadlıqlarının təmin edilməsi, təhsil və mədəniyyətin inkişafı ilə bağlı müddəalar dövlətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Səadət Nəcəfova həmçinin Konstitusiya Gününün qeyd olunmasının gənc nəslin dövlətçilik düşüncəsi, hüquqi dünyagörüşü və vətəndaşlıq məsuliyyəti ruhunda formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Sumqayıt şəhəri üzrə nümayəndəsi Məhəbbət Qasımova çıxışında Konstitusiyanın milli-mədəni irsin qorunması və tarixi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətinə toxunub. O, Azərbaycanın zəngin mədəni irsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək, tarixi abidələrin, milli-mədəni sərvətlərin mühafizəsinin milli kimliyin və tarixi yaddaşın yaşadılmasında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, dövlətçilik ənənələrinə hörmət, milli irsə sahib çıxmaq və onu qorumaq hər bir vətəndaşın məsuliyyətidir.

YAP Sumqayıt şəhər təşkilatının fəalı Ceyhunə Qafarova çıxışında Konstitusiyanın hər bir vətəndaşın həyatında tutduğu mövqedən, hüquq və vəzifələrin qarşılıqlı əlaqəsindən bəhs edib. O, hüquqi dövlət quruculuğunda vətəndaş fəallığının, qanunlara hörmətin və ictimai məsuliyyətin vacibliyini vurğulayaraq bildirib ki, dövlətin dayanıqlı inkişafı cəmiyyətin hüquqi şüurunun yüksəldilməsi və milli maraqlar ətrafında həmrəyliyin gücləndirilməsi ilə sıx bağlıdır.

Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib. İştirakçılar Konstitusiya Gününün tarixi və ictimai-siyasi əhəmiyyətini qeyd edərək, müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin qorunmasının, hüquqi maarifləndirmənin və milli dəyərlərin təbliğinin vacibliyini diqqətə çatdırıblar.