27 aprel 2026 18:29
196

Ermənistan yeni reallıqla üz-üzə: Konstitusiya dəyişməlidir

Ermənistanda yeni Konstitusiya ilə bağlı məsələ xeyli müddətdir ki, gündəmdədir. Baş nazir Nikol Paşinyan dəfələrlə bu mövzuya toxunsa da, ölkədəki siyasi vəziyyət səbəbindən konkret addım atmaqdan çəkinib. Paşinyan ehtiyat edir ki, əleyhinə olan qüvvələr, o cümlədən sabiq cinayətkar xunta rejiminin rəhbərləri, revanşistlər, kilsə seçki ərəfəsində bu məqamdan istifadə edib onu devirə bilərlər. Buna görə də bəyanatlar versə də, müəyyən proses getsə də, hələ ki, konkret addım atılmayıb.

Məlumdur ki, hazırkı Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. İndi Azərbaycanla normallaşma prosesi gedir, Türkiyə ilə də müəyyən təmaslar var və bu, Azərbaycanla koordinasiya olunmaqla aparılır. Rəsmi İrəvana aydındır ki, Türkiyə ilə əlaqələrin qurulması, sərhədlərin açılması üçün ilk növbədə Azərbaycanla proses başa çatmalı və sülh sazişi imzalanmalıdır. Belə olan halda İrəvan bu ali sənədi mütləq dəyişməlidir. Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarına sülh gündəliyi ilə yanaşı, bu prizmadan da yanaşmaq lazımdır. Erməni hökumət başçısının ritorikası həm rəsmi Bakıya sülhə sadiqliklə bağlı mesaj, həm də daxili auditoriyaya yönəlmiş mesajdır. Açıqlamada bir çox mesajlar var ki, onlardan ən vaciblərindən biri "Yeni konstitusiya Müstəqillik Bəyannaməsinə istinad etməməlidir" fikridir. Paşinyanın bu tezisi səsləndirməsi əslində regionda formalaşmış yeni siyasi-hüquqi reallıqların gecikmiş, amma qaçılmaz etirafı kimi dəyərləndirilməlidir. Çünki Azərbaycanın Ermənistanla sülh müqaviləsi üçün haqlı tələblərindən də biri məhz bu maddənin çıxarılması idi. Azərbaycan ilə davamlı sülhün əldə olunması üçün Ermənistanın hüquqi bazasında ərazi iddialarına zəmin yaradan müddəaların aradan qaldırılmasını prinsipial şərt kimi irəli sürülmüşdü və bu mövqe beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı üçün kifayət qədər əsaslı idi. Xüsusilə Ermənistanın Müstəqillik Bəyannaməsində yer alan və dolayı şəkildə Azərbaycan ərazilərinə iddia kimi şərh oluna bilən müddəalar sülh müqaviləsinin imzalanması qarşısında ciddi hüquqi və siyasi maneə kimi çıxış edirdi. Bir müddət nala-mıxa vuran Ermənistan hökuməti artıq regiondakı güc balansını, siyasi reallıqları, geosiyasi atmosferi düzgün dəyərləndirib və ölkənin maraqlarının və mövcudluğunun daha real prizmadan yanaşmaqla təmin edəcəyini dərk edib. Nəticə isə İrəvanın bu istiqamətdə atdığı addımlar təkcə iki ölkə arasında münasibətləri normallaşdırmır, eyni zamanda Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın təmininə zəmin yaradır.

Ermənistan baş nazirinin açıqlamalarındakı digər vacib məqam isə onun Qarabağ hərəkatı ilə bağlı fikridir: "Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenidən başlatdığımız anlamına gələcək. Əgər Azərbaycanla münaqişəni yenidən başlatsaq, bu, sülhün mümkün olmayacağı anlamına gələcək. Gəlin özümüzə sual verək - əziz Ermənistan Respublikasının vətəndaşları, bunu istəyirik, ya yox?!" İlk olaraq, qeyd edək ki, bu fikirlər Paşinyan tərəfindən son dövrlər bir neçə dəfə səsləndirilib və əslində Ermənistanın gələcək strateji kursunu müəyyənləşdirən siyasi doktrinadır. Çünki elə Konstitusiya dəyişikliyi məsələsinin də kökündə bu hərəkata qarşı bir sezgi var. Çünki Müstəqillik Bəyannaməsinə istinad etmək əslində Qarabağ hərəkatının ideoloji davamı deməkdir. Bu isə rəsmi Bakının qırmızı xəttidir, səbir kasasının daşması deməkdir. Paşinyan isə Bakının belə bir vəziyyətdə necə reaksiya verə biləcəyini gözəl anlayır, eyni zamanda, bilir ki, belə bir vəziyyət Azərbaycanla qarşıdurma riskini yenidən gündəmə gətirir və sülh perspektivini sıfırlayır. Bunun üçün seçkidən öncə bütün aktorlara mesaj ötürərək, qəti surətdə bunun əleyhinə olduğunu nümayişkaranə şəkildə göstərir.

Xatırladaq ki, Ermənistanın hazırkı Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2005 və 2015-ci illərdə ölkədə konstitusiya islahatları aparılıb. 2015-ci il düzəlişlərindən sonra ölkə yarı-prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçib. Serjik Sarkisyanın 2015-ci ildə Konstitusiya dəyişikliyinə getməsi hakimiyyəti əlində saxlamağa hesablanmışdı. O, 10 illik hakimiyyətindən sonra baş nazir qismində yenə də öz postunu qorumağa çalışırdı. Amma 2018-ci ilin məlum hadisələri onu bu planından məhrum etdi. İndi müxalifət, Koçaryan-Sarkisyan dəstəsi Paşinyanın Konstitusiya dəyişikliyinə Azərbaycanın tələbi ilə getdiyini deyərək bu məqamdan öz mənafeləri üçün istifadə etməyə çalışırlar. İstənilən halda qərar verilib, Ermənistan yeni geosiyasi şəraitdə öz yerini tutmaq, regionun imkanlarından faydalanmaq istəyirsə bu addımı mütləq atmalı olduğunun fərqindədir. İndi Vaşinqton sammitindən sonra sülh bərqərar olub, müəyyən praktiki addımlar atılıb, müxtəlif səviyyələrdə təmaslar artıb, dialoq aparılır. Amma dövlətlərarası münasibətlər, diplomatik əlaqələrin qurulması üçün sülh sazişi mütləq şəkildə imzalanmalıdır. Bunun da şərti Ermənistana aydındır.

Sevinc Azadi, “İki sahil”