21 aprel 2026-cı il tarixində Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan idman yarışlarına məktəblilərin estafet qaçışı ilə start verilib.
“İki sahil” xəbər verir ki, “Neftçi İdman Klubu” İctimai Birliyinin Qaradağ təlim-idman bazasında keçirilən yarışda rayonun tam orta məktəblərinin komandaları iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri açan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar rəhbərlik etdiyi rayon təşkilatının Bakı Şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektoru ilə birgə təşkil etdiyi tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi, dövlətçiliyimizin bərpası və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi nəhəng işlər, göstərdiyi əvəzolunmaz xidmətlər xalqımızın qəlbində daim yaşayacaqdır. Bu gün estafet yarışı ilə start götürən idman yarışları isə həm Ulu Öndərin dövlətçilik irsinin gənc nəslə çatdırılması, həm də onların fiziki sağlamlığı baxımından mühüm əhəmiyyətə malikdir. Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Qaradağ rayonunda həm intellektual, həm də idman yarışlarının keçiriləcəyi barədə məlumat verən YAP rayon təşkilatı sədrinin müavini iştirakçılara uğurlar arzulayıb.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri çıxış edərək Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu idmanın inkişafı və gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışlarda güclülərin qalib gəlməsini arzulayan sektor müdiri gəncləri bədən tərbiyəsi və idmanla fəal məşğul olmağa çağırıb.
Sonra yarışın təşkili qaydaları barədə iştirakçılara məlumatlar çatdırılıb və estafetə start verilib.
Gərgin keçən idman mübarizəsində 106 nömrəli tam orta məktəbin qızlardan ibarət komandası I, 139 nömrəli tam orta məktəbin komandası II, 180 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub. Oğlanlardan ibarət komandalar arasında isə 197 nömrəli tam orta məktəbin komandası I, 184 nömrəli tam orta məktəbin komandası II, 139 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.
Qalib komandalara mükafatların mayın 7-də Lökbatan qəsəbəsi Heydər Əliyev Parkında təşkil ediləcək ümumrayon tədbirində təqdim olunacağı bildirilib.