12 noyabr 2026 23:38
85

İftixarın “Hara tələsirsən, ömür” şeirlər kitabında ömür konsepti

İftixarın yeni çapdan çıxmış “Hara tələsirsən, ömür” (Bakı,“Apostroff”, 2026, 440s.) şeirlər kitabı şairin poetik dünyasının daha dərin, daha emosional, daha həssas nöqtələrində insanın daxili aləmini ifadə etmək üçün geniş imkanlar yaradır. Sevgi, ayrılıq, Vətən sevgisi, təbiət gözəllikləri, insan taleyi və ictimai problemlər bu yeni toplunun əsas mövzularındandır. İftixar öz hisslərini poetik obrazlar vasitəsi ilə oxucuya çatdırır və onu düşündürməyə çalışır.

Bəlkə də həyatın ən böyük sirri elə budur: biz ömrü yaşamırıq, ömür bizi yaşayır. Günlər təqvimdən qopduqca zaman görünməz bir çay kimi bizi öz axarına qatır. Hər səhər ümidlə açılan gözlər, hər axşam yorğunluğunu gizlədən baxışlar eyni sualı pıçıldayır: - Hara tələsirsən, ömür?

İnsan dünyaya gələndə ilk qazandığı sərvət zaman yox, imkandır. Zaman ona sadəcə bu imkanı reallaşdırmaq üçün verilmiş görünməz bir ölçüdür. Elə buna görə də ömrün sirri onun neçə ildən ibarət olmasında deyil, həqiqəti necə dərk etməsindədir. Çünki ömür zamanın uzunluğu deyil, şüurun dərinliyidir.

Hara tələsirsən, ömür? Bu sual əslində ömrə, həyata, zamana deyil, insana ünvanlanmış sualdır. Zaman heç yerə getmir; hərəkət edən insandır. Zaman dəyişmir, dəyişən insan düşüncələridir. İnsan isə hər gün öz varlığından bir hissəni gələcəyə, bir hissəni isə keçmişə verir.

İnsan zamanın içində yaşamır; zaman insanın varlığında baş verir.

Antik yunan mütəfəkkirləri zamanı Kronos və Kayros anlayışları ilə fərqləndirirdilər. Kronos ölçülən zamandır; saatın və təqvimin vaxtıdır. Kayros isə mənanın zamanıdır – insanın taleyini dəyişən fürsət anı. Deməli, Kronos ömrü sayır, Kayros isə ömrü yaradır. İnsan çox vaxt Kronosun içində yaşayır, amma yalnız Kayros anlarında həqiqətən mövcud olur. İnsan hər dəfə eyni həyata girir, amma artıq əvvəlki insan olmur. Çünki zaman axmır, dəyişmir; dəyişən düşüncələrdir.

Ömür, əslində, zamanın bioloji ölçüsü deyil. O, insanın yaddaşı, vicdanı, sevgisi, yaratdığı mənalar və geridə qoyduğu izlərdir. Saatın əqrəbləri yalnız vaxtı göstərir, ömrü isə insanın seçimləri müəyyənləşdirir. Bir insan səksən il yaşaya bilər, amma bir gün də yaşamamış kimi gedər. Başqası isə qısa ömrü ilə əsrlərə çevrilər. Deməli, insan taleyini ömrün uzunluğu deyil, onun mənəvi dərinliyi müəyyən edir.

Şərq fəlsəfəsinə görə, insan yolçudur. Qərb fəlsəfəsinə görə, insan layihədir. Ekzistensializm deyir ki, insan seçimdir. Sufizm isə bunların hamısını bir cümlədə birləşdirir: İnsan axtardığı həqiqətin özüdür.

Mövlanənin məşhur fikrinin mahiyyəti də budur: “Axtardığın səni axtarır”. Sufi mütəfəkkirləri ömrü Allahın insana verdiyi əmanət hesab edirdilər. Onlar üçün ömür keçən zaman deyil, ruhun kamilləşmə yoludur. Mövlanə yazırdı ki, insan torpaqdan başlayır, bitkiyə, heyvana, insana çevrilir və nəhayət, ilahi nurun məkanına yüksəlir. Bu üzdən də ömür heç yerə getmir; o, sadəcə, haldan-hala keçir. Gedən insanın cismaniliyidir, qalan isə onun ruhunun işığıdır. Bəlkə də ömür insanın özünə doğru etdiyi ən uzun səfərdir.

Hər doğulan insan öz daxilində üç zaman daşıyır: keçmişin yaddaşını, indinin məsuliyyətini, gələcəyin ehtimalını. Buna görə də insan yalnız bu gün yaşamır. O, həm də dünənin davamı və sabahın başlanğıcıdır.

Şərq hikmətində zaman dairədir. Qərb fəlsəfəsində isə o, düzxətli hərəkətdir. Şərq deyir ki, insan yenidən öz başlanğıcına qayıdır; Qərb isə bildirir ki, zaman yalnız irəli gedir. Maraqlıdır ki, hər iki baxışın mərkəzində eyni həqiqət dayanır: insan ömrü sonsuzluğa açılan qapıdır. Fərq yalnız həmin qapının hansı istiqamətdə təsəvvür edilməsindədir.

Müasir sivilizasiya isə zamana tamam başqa münasibət formalaşdırıb. İndi insanlar vaxt qazanmağa çalışırlar, amma ömür itirirlər. Texnologiya saniyələri qənaət edir, lakin həmin saniyələrin mənasını artıra bilmir. Rəqəmsal dünya insanı sürətləndirir, amma onu dərinləşdirmir. Paradoks ondadır ki, informasiya çoxaldıqca düşüncə azalır, rabitə genişləndikcə ünsiyyət kasadlaşır, əlaqələr sıxlaşdıqca tənhalıq böyüyür.

Teatr bu mənada həyatın ən dürüst metaforasıdır. Pərdə açılır, tamaşa başlayır, rollar dəyişir, alqışlar səslənir və sonda pərdə bağlanır. Tamaşa bitir, amma tamaşaçı evinə yalnız süjetlə deyil, həm də öz taleyi haqqında düşüncələrlə qayıdır. İnsan da ömrünün aktyorudur. Fərq ondadır ki, həyat tamaşasında məşq olmur. Burada hər söz son sözdür, hər baxış son baxış ola bilər.

Kulturoloji baxımdan ömür fərdin şəxsi bioqrafiyası ilə məhdudlaşmır. İnsan öz xalqının, dilinin, mədəniyyətinin və tarixi yaddaşının davamıdır. Hər nəsil öz ömrünü əvvəlki nəsillərdən miras alır və sonrakılara ötürür. Deməli, ömür təkcə fərdi deyil, həm də kollektiv hadisədir. Biz yalnız öz həyatımızı deyil, bizdən əvvəl yaşamışların arzularını və bizdən sonra gələcəklərin ümidlərini daşıyırıq.

Bəlkə də ömrün ən böyük faciəsi onun qısalığı deyil, mənasızlıq təhlükəsidir. Çünki mənasız keçən uzun həyat, mənalı yaşanmış qısa ömürdən daha kasıbdır. İnsan hər gün öz həyatına yeni bir məna əlavə etmirsə, zaman onu səssizcə unutqanlığa çevirir.

Ömür bəzən payız yarpağı kimi sakit düşür, bəzən yaz seli kimi coşur, bəzən qış gecəsi qədər uzun görünür, bəzən isə yay səhəri kimi göz qırpımında keçir. Lakin onun bütün fəsillərində dəyişməyən bir həqiqət var: insan yalnız sevdiyi, yaratdığı və paylaşdığı qədər yaşayır.

Bir gün hamımızın yolunun sonunda eyni sükut dayanacaq. Həmin sükut bizdən soruşmayacaq neçə il yaşadığımızı. O, soruşacaq: neçə ürəyə toxundun, neçə insanın qaranlığında işıq oldun, neçə dəfə həqiqətin yanında dayandın? Zamanın məhkəməsində təqvimlər deyil, vicdan danışacaq.

Çünki ömür insanın düşüncəsi, iradəsi və mənəvi seçimi ilə istiqamət qazanan canlı bir mədəniyyət mətnidir. Hər bir insan bu mətnin həm müəllifi, həm qəhrəmanı, həm də oxucusudur. Və bəlkə də ömrün son həqiqəti elə budur: insan gedir, zaman keçir, sivilizasiyalar dəyişir, amma həqiqi söz, xeyirxah əməl, yaradıcı təfəkkür və gözəllik hissi heç vaxt ölmür. Onlar yeni ömürlərdə yenidən doğulur.

Ona görə də hər səhər yenidən özümüzə həmin sualı verək:

Hara tələsirsən, ömür?

Və cavabı zamanın səsinə deyil, vicdanımızın səsinə həvalə edək. Orada ömrün ən doğru istiqaməti həmişə görünəcək.

650 şeirin fəlsəfəsi: bir ömrün poetik yaddaşı

İftixarın  “Hara tələsirsən, ömür” kitabına sığan 650 şeir əslində sadəcə 650 poetik mətn deyil, bir insan ömrünün düşüncə xəritəsi, duyğular ensiklopediyası, ruhun səssiz etirafları və zamanla aparılan mənəvi söhbətidir. Hər şeir özlüyündə ayrıca bir dünya, hər misra bir düşüncə qığılcımı, hər obraz isə insanın daxili aləminə açılan pəncərədir.

Bu qədər şeirin vahid kitabda toplanması fərqli duyğuların, yaşantıların, fəlsəfi qənaətlərin və estetik axtarışların bütöv poetik sistemə çevrilməsidir. Burada sevgi ilə kədər, ümidlə nisgil, həyatla ölüm, yaddaşla unudulmaq, insanla kainat eyni mənəvi müstəvidə görüşür. Şeir sözün hüdudlarını aşaraq düşüncənin, hissin və ruhun ifadə vasitəsinə çevrilir. Kitabın ideya mahiyyəti insanı anlamaq, həyatı dərk etmək və zamanın içərisində öz mənəvi varlığını qorumaq istəyindədir. Onun estetikası isə sözün musiqisində, obrazların fəlsəfi tutumunda, duyğuların poetik ifadəsində və ayrı-ayrı şeirləri birləşdirən ümumi ruhda təcəssüm olunur.

650 şeir – 650 fərqli duyğu, 650 düşüncə anı, 650 dəfə özünə və dünyaya ünvanlanan sual deməkdir. Lakin bütün bu sualların arxasında bir həqiqət dayanır: insan yaşadığı qədər deyil, hiss etdiyi, düşündüyü və yaratdığı qədər mövcuddur. Bəlkə də bu kitabın ən böyük fəlsəfəsi budur: bir kitaba toplanan 650 şeir bir ömrün sözə çevrilmiş taleyini ifadə edir. O, yalnız oxunmaq üçün deyil, duyulmaq, düşünülmək və zaman-zaman yenidən kəşf olunmaq üçün yazılmış poetik bir ömürnamədir.

Kitabın sonunda yer alan kiçik poetik mətn – “İftixarın vəsiyyəti” sənətkarın ömür, ölüm, söz, yaddaş və mənəvi əbədiyyət haqqında düşüncələrinin bədii-fəlsəfi yekunudur. “Məni sözün çiynində yollayın son mənzilə...”; İftixar üçün dünyanın ən böyük sərvəti Söz olduğu səbəbindən, o, son mənzilə də  “sözün çiynində” yollanmağı  arzulayır. Bu vəsiyyət İftixar ömrünün gələcəyə ünvanlanmış manifesti və  sənətkarın öz yaradıcılığına verdiyi ən yüksək mənəvi qiymətdir:

Hey düşündüm, daşındım

bu ömrü gələ-gələ -

Bu mənim vəsiyyətim,

bu mənim son arzumdur:

“Məni sözün çiynində 

yollayın son mənzilə...”

Nərminə Ağayeva,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent