Çin hakimiyyəti məktəblərdə imtahanlarla bağlı stress və narahatlığı azaltmaq məqsədilə yeni qaydalar tətbiq edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Nikkei Asia" nəşri məlumat yayıb.
Çin Xalq Respublikasının Təhsil Nazirliyi yerli qurumlara məktəblər üçün metodiki tövsiyələr göndərib.
Yeni qaydalara əsasən, ibtidai və orta məktəblərdə testlərin sayı məhdudlaşdırılıb. İbtidai məktəbin ilk iki ilində yazılı imtahanlar tamamilə qadağan edilib. Digər siniflərdə isə hər semestr ərzində yalnız bir imtahanın keçirilməsinə icazə verilir.
Bundan əlavə, yuxarı siniflər istisna olmaqla, vahid (standartlaşdırılmış) imtahanların keçirilməsi də məhdudlaşdırılıb. İmtahan nəticələrinin ictimai şəkildə elan olunması qadağandır - nəticələr yalnız şagirdlərə və onların valideynlərinə təqdim edilməlidir.
Bu addımların məqsədi şagirdlər və valideynlər arasında imtahanlarla bağlı psixoloji təzyiqi azaltmaqdır.