Türkiyədə baş verən məktəb hücumları cəmiyyətin bütün təbəqələrində olduğu kimi, tibb sahəsində də ciddi narahatlıq doğurub. Uşaqlara qarşı zorakılıq hallarının artması fonunda pediatrlar və psixoloqlar vəziyyətin sistemli şəkildə təhlilinə və təcili tədbirlərin görülməsinə çağırırlar.
Türk Pediatriya Qurumu tərəfindən təşkil olunan və minlərlə həkimin iştirak etdiyi konqresdə çıxış edən mütəxəssislər bildiriblər ki, son illər uşaqlar arasında zorakılıq meyilləri əhəmiyyətli dərəcədə artıb. Quruma rəhbərlik edən və eyni zamanda, pediatriya sahəsində çalışan professor Özgür Kasapçopur bu vəziyyəti “ciddi təhlükə siqnalı” kimi qiymətləndirib. Onun sözlərinə görə, uşaqlar hər cür zorakılıqdan qorunmalı olduğu halda, son vaxtlar bu hallar artır və artıq sistemli problemə çevrilir. Xüsusilə həmyaşıdlar arasında fiziki zorakılıq halları daha çox diqqət çəkir.
Onun fikrincə, bu tendensiyanın arxasında bir sıra kompleks sosial və psixoloji faktorlar dayanır: “Sevgi və emosional dəstəyin çatışmazlığı, ailədaxili münasibətlərdə problemlər, zorakılığın adi hal alması və gündəlik həyatın bir parçasına çevrilməsi əsas səbəblər sırasındadır. Bununla yanaşı, media məzmunu, xüsusilə zorakılıq elementləri ilə zəngin seriallar və rəqəmsal oyunlar uşaqların davranış modellərinə birbaşa təsir göstərir.”
Rəqəmsal mühitin təsiri ayrıca vurğulanır. Sosial şəbəkələr, onlayn platformalar və kompüter oyunları uşaqlar üçün həm informasiya mənbəyi, həm də risk sahəsinə çevrilib. Uşaq və yeniyetmə psixiatriyası üzrə mütəxəssis Burak Doğangünün qənaətinə görə, kiberzorakılıq halları, zorakı kontentə sərbəst çıxış və nəzarətsiz rəqəmsal istifadə uşaqların psixoloji vəziyyətinə mənfi təsir edir və aqressiv davranışların formalaşmasına zəmin yaradır.
Psixoloji faktorlar və erkən siqnallar
Digər bir psixiatr Gizem Durcan vurğulayır ki, baş verən hadisələrə yalnız nəticə prizmasından yanaşmaq kifayət deyil: “Zorakılıq törədən uşaqların keçmişi, yaşadığı travmalar, psixoloji vəziyyəti və sosial mühiti dərindən araşdırılmalıdır. Yeniyetməlik dövründə beynin inkişafının tam formalaşmaması, impulsiv davranışların üstünlük təşkil etməsi və emosional tənzimləmə çətinlikləri risk faktorlarını daha da artırır. Müalicə olunmamış psixi pozuntular da bu prosesdə mühüm rol oynaya bilər."
Eyni zamanda, mütəxəssis erkən xəbərdarlıq siqnallarına diqqət yetirilməsinin vacibliyini qeyd edir. Sosial izolyasiya, aqressiv davranışlar, zorakılıq meyilləri, heyvanlara qarşı mərhəmətsizlik və ailə üzvləri ilə ünsiyyətin zəifləməsi kimi hallar risk göstəriciləri hesab olunur və vaxtında müdaxilə tələb edir.
Valideynlər üçün əsas çağırış
Valideynlərin rolu isə xüsusi vurğulanır. Psixiatrın sözlərinə görə, uşaqların həm real, həm də rəqəmsal həyatına nəzarət etmək, onların gündəlik fəaliyyətlərindən xəbərdar olmaq və açıq ünsiyyət qurmaq qoruyucu faktor kimi çıxış edir: “Bu nəzarət sərt qadağalar formasında deyil, daha çox anlayışlı və dəstəkləyici yanaşma üzərində qurulmalıdır. Bundan əlavə, uşaqların zorakılıq məzmunlu görüntülərə davamlı məruz qalmasının “ikincil travmaya (hadisəni bilavasitə (birbaşa) yaşamayan, lakin travma almış şəxsin hekayəsini eşidən, şahidi olan)” səbəb ola biləcəyi qeyd olunur. Xüsusilə azyaşlıların bu tip kontentdən qorunması, məlumatların yaşa uyğun və düzgün formada izah edilməsi vacib hesab edilir.”
Mütəxəssislər yekun olaraq bildirirlər ki, uşaqlara qarşı zorakılıqla mübarizə yalnız hüquqi və cəza mexanizmləri ilə məhdudlaşmamalıdır. Bu istiqamətdə kompleks yanaşma, maarifləndirmə tədbirləri, psixoloji dəstək xidmətlərinin genişləndirilməsi, ailə institutunun gücləndirilməsi və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması əsas prioritetlər kimi müəyyən edilməlidir.
Şahnigar Əhmədova, “İki sahil”