30 dəqiqəlik aktivliklə illərə meydan oxuyun
Elmi araşdırmaların nəticələri göstərir ki, gündə cəmi 30 dəqiqə fiziki aktivlik sağlam həyat üçün mühüm rol oynayır və uzunmüddətli perspektivdə orqanizmin daha gənc qalmasına töhfə verə bilər. Mütəxəssislər bildirirlər ki, bu sadə vərdiş həm fiziki, həm də hüceyrə səviyyəsində yaşlanma prosesini ləngidə bilər.
Mövzu ilə bağlı açıqlama verən fizioterapiya və reabilitasiya üzrə türkiyəli mütəxəssis Duygu Keskin qeyd edib ki, yaş artdıqca baş verən əzələ kütləsi itkisi (sarkopeniya) yalnız fiziki gücü azaltmır, eyni zamanda, bioloji yaşlanmanı sürətləndirir.
Mütəxəssisin sözlərinə görə, əzələ toxuması təkcə hərəkəti təmin etmir, həm də metabolizm, hormon balansı, immun sistemi və beyin sağlamlığı ilə birbaşa əlaqəlidir. Əzələ kütləsinin azalması bazal metabolizmanın (bədənin enerji ehtiyacını hesablamağa kömək edən bir göstəricidir) zəifləməsinə, yağ kütləsinin artmasına və insulin müqavimətinin yaranmasına səbəb olur. Bu isə diabet və ürək-damar xəstəlikləri kimi xroniki problemlərin riskini artırır. Bundan əlavə, əzələ itkisi hərəkət qabiliyyətini və tarazlığı zəiflədir, müqavimətin itirilməsi ilə yıxılma və zədələnmə ehtimalını yüksəldir. Hüceyrə səviyyəsində isə bu proses iltihabın artmasına və orqanizmin bərpa qabiliyyətinin azalmasına gətirib çıxarır.
Duygu Keskin vurğulayıb ki, müntəzəm fiziki aktivlik yalnız xarici görünüşə deyil, hüceyrələrin “yaşlanma mexanizmi”nə də təsir edir. Xüsusilə xromosomların ucunda yerləşən və hər hüceyrə bölünməsi zamanı qısalan telomerlərin qorunmasında fiziki aktivliyin rolu böyükdür. Onun sözlərinə görə, həftədə ən azı 4 gün tempolu gəzinti, üzgüçülük və ya velosiped sürmək kimi orta intensivlikli məşqlər hüceyrələrin daha uzun müddət gənc qalmasına kömək edə bilər.
Mütəxəssis qeyd edib ki, fiziki passivlik yalnız orqanizmə deyil, zehni funksiyalara da mənfi təsir göstərir. Məşq zamanı beyinə gedən oksigenin miqdarı artır, bu isə yaddaşı, diqqəti və öyrənmə qabiliyyətini gücləndirir. Əksinə, hərəkətsizlik hormonal balansı pozaraq həm fiziki, həm də zehni geriləməni sürətləndirir. Onun qənaətinə görə, yalnız gəzinti kifayət deyil, fiziki aktivlik müxtəlif formalarda olmalıdır. Kardio məşqlər ürək-damar sisteminin dayanıqlılığını artırır, güc məşqləri əzələ kütləsini qoruyur, dartınma hərəkətləri isə elastikliyi saxlayaraq zədələnmə riskini azaldır.
Duygu Keskin əlavə edib ki, gün ərzində qısa hərəkət fasilələri faydalı olsa da, davamlı nəticə üçün planlı və müntəzəm 30 dəqiqəlik məşq proqramı vacibdir. Çünki gündə cəmi 30 dəqiqə fiziki aktivliklə məşğul olmaq sağlam gələcək üçün mühüm investisiyadır. Bu vərdiş daha enerjili həyat, daha aşağı xəstəlik riski və bioloji baxımdan daha gənc qalmaq imkanı yaradır.
Şahnigar Əhmədova “İki sahil”