20 aprel 2026 11:02
248

Versalda XVI Lüdovikin yataq otağı bərpa olunub

Versal sarayında XVI Lüdovikin şəxsi yataq otağının bərpası tamamlanıb. 40 ildən artıq davam edən restavrasiya işləri nəticəsində otaq 6 oktyabr 1789-cu il - kral ailəsinin bu iqamətgahı birdəfəlik tərk etdiyi günə uyğun vəziyyətdə yenidən qurulub.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Otağın əsas elementi Fransa inqilabı dövründə talan edilərək itirilmiş kral yatağının dəqiq surətidir. İlkin çertyojlar mövcud olmadığından ustalar arxiv təsvirlərinə əsaslanaraq yatağın forması, ölçüləri və dekorunu bərpa ediblər. Konstruksiya cökə ağacından hazırlanıb, oyma detallar isə qızıl suyuna çəkilib - ümumilikdə 1600 ədəd susal qızıl vərəqi istifadə olunub. Kompozisiyanın yuxarı hissəsini balalarını bəsləyən pelikan fiquru tamamlayır ki, bu da hökmdarın xalqına qayğısını simvolizə edir.

Bu yataq otağı XVI Lüdovik tərəfindən rəsmi mərasimlər üçün nəzərdə tutulmuş təntənəli yataq otağından fərqli olaraq gündəlik, daha şəxsi istifadə üçün nəzərdə tutulmuşdu. Divarlar XVIII əsrə aid parça nümunələri əsasında yenidən toxunmuş qobelenlərlə bəzədilib və bu zaman Lion ipək toxuculuğu ənənəvi üsullarından istifadə olunub.