21 aprel 2026 17:26
121

Göz sağlamlığını qoruyan qidalar HANSILARDIR? - OFTALMOLOQ İZAH EDİR

Göz sağlamlığının qorunmasında düzgün qidalanma və vitaminlərin rolu xüsusi əhəmiyyət daşıyır.

Bakının Nəsimi rayonundakı 5 saylı şəhər poliklinikasının həkim-oftalmoloqu Fərəh İsmayılova “İki sahil”ə açıqlamasında bildirir ki, bəzi vitamin və mikroelementlər görmə funksiyasının normal fəaliyyəti üçün vacibdir.

Onun sözlərinə görə, Vitamin A (retinol) fotoreseptorların normal işləməsi üçün mühüm rol oynayır və bu vitamin daha çox yerkökü və balqabaqda olur.
Həkim qeyd edir ki, Vitamin C və E güclü antioksidant təsir göstərərək göz toxumalarını qoruyur. Bu vitaminlər meyvə və tərəvəzlərdə, həmçinin qoz-fındıq və balıqda daha çox rast gəlinir və gündəlik rasionda mütləq yer almalıdır.

Fərəh İsmayılova vurğulayır ki, Omega-3 yağ turşuları göz quruluğunu azaltmağa kömək edir və əsasən balıq məhsullarında bol miqdarda mövcuddur.
Mütəxəssis əlavə edir ki, lutein və zeaksantin gözün tor qişasının qorunmasında mühüm rol oynayır və bu maddələr daha çox yaşıl yarpaqlı tərəvəzlərdə olur.

Yaqut Ağaşahqızı, “İki sahil”