21 aprel 2026 13:06
139

"Azərkosmos" “Platerra” ilə məkan məlumatlarını hər kəs üçün əlçatan edir - EKSKLÜZİV

Yeni platforma CİS və süni intellekt əsaslı analitik imkanları sadələşdirilmiş formada təqdim edəcək

“Platerra" məkan məlumatlarının, CİS alətlərinin və süni intellekt həllərinin geniş istifadəçi auditoriyası üçün əlçatan edilməsini hədəfləyən platformadır.

Bunu Azərbaycan Respublikasının Kosmik Agentliyi — Azərkosmos nəzdində fəaliyyət göstərən CİS Mərkəzinin Süni İntellekt bölməsinin rəhbəri Həmid Əskərov “İki sahil” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əsas məqsəd peyk və digər məkan məlumatlarının emalı və analizini daha sadə, daha sürətli və daha praktik formaya gətirməkdir.
Həmid Əskərov qeyd edib ki, bu platforma vasitəsilə istifadəçilərə müxtəlif məkan məlumatlarını yükləmək, onları emal etmək, hazır süni intellekt modellərini seçib tətbiq etmək və nəticələri xəritə və qrafik formatında vizuallaşdırmaq imkanı təqdim olunacaq.

Onun bildirdiyinə görə, “Platerra”-nın əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçilər bu imkanlardan yararlanmaq üçün dərin CİS və ya süni intellekt biliklərinə malik olmaq məcburiyyətində qalmayacaqlar.

H. Əskərov vurğulayıb ki, platforma dövlət qurumları, özəl sektor nümayəndələri və digər istifadəçilər üçün eyni dərəcədə praktik və rahat olacaq şəkildə dizayn edilir. Bu baxımdan, Platerra yalnız texnoloji platforma deyil, həm də məkan analitikasının gündəlik qərarvermə proseslərinə inteqrasiyasına xidmət edən strateji bir addımdır.

Yaqut Ağaşahqızı, “İki sahil”