21 aprel 2026 12:31
111

Böyük məlumat axını qərarvermədə yeni texnoloji yanaşmaları zəruri edir - ÖZƏL

CİS və süni intellekt böyük həcmli məkan məlumatlarını daha sürətli və analitik emala yönləndirir

Müasir dünyada məkan məlumatlarının həcmi, müxtəlifliyi və yenilənmə sürəti kəskin şəkildə artıb. Peyklər, dronlar, sensorlar və digər rəqəmsal mənbələr hər gün çox böyük həcmdə məlumat yaradır və bu məlumatların ənənəvi üsullarla operativ şəkildə emalı artıq kifayət etmir.

Bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmos nəzdində fəaliyyət göstərən CİS Mərkəzinin Süni İntellekt bölməsinin rəhbəri Həmid Əskərov “İki sahil” qəzetinə məlumat verib.

O qeyd edib ki, məhz bu mərhələdə süni intellekt Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsinə yeni keyfiyyət gətirir və böyük həcmdə məkan məlumatlarının sürətlə emal olunmasına, eləcə də onlardan nəticələr çıxarılmasına imkan yaradır.

H.Əskərov vurğulayıb ki, bu inteqrasiya xüsusilə ekoloji monitorinq, kənd təsərrüfatı, şəhərsalma, infrastruktur planlaşdırılması, təbii resursların idarə olunması və fövqəladə hallara operativ reaksiya kimi sahələrdə mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bu sahələrdə düzgün qərar vermək üçün yalnız məlumatın mövcudluğu kifayət etmir, həmin məlumatın sürətli, dəqiq və analitik baxımdan faydalı formaya çevrilməsi əsas şərtdir.

“Strateji əhəmiyyət də məhz buradan yaranır. CİS və süni intellektin inteqrasiyası dövlət və təşkilatlara daha çevik və məlumat əsaslı qərarlar qəbul etməyə imkan verir. Bu isə resursların daha səmərəli idarə olunmasına şərait yaradır və rəqəmsal transformasiya hədəflərinə çatmağı sürətləndirir”, — deyə H.Əskərov bildirib.

Yaqut Ağaşahqızı, “İki sahil”