21 aprel 2026 12:05
117

Göygöldə məktəblərdə qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili ilə bağlı maarifləndirici tədbir keçirilib

Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən Regional Bölməsinin əməkdaşları ümumtəhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici tədbir keçiriblər.
“İki sahil” xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, qida bloku olan ümumtəhsil müəssisələrinin rəhbərliyi, müəllimləri, bufet operatorları və şagirdləri iştirak ediblər. Göygöl rayonunda baş tutan tədbirin əsas məqsədi məktəb bufetlərinə nəzarətin gücləndirilməsi, sanitar-gigiyenik qaydalara riayət olunmasının təmin edilməsi və şagirdlər arasında sağlam qidalanma vərdişlərinin təşviqidir.
Görüş zamanı Agentliyin mütəxəssisləri iştirakçılara qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların tələbləri, məktəb bufetlərində tətbiq olunan sanitar-gigiyenik və texniki-normativ qaydalar barədə ətraflı məlumat veriblər. Həmçinin qida məhsullarının düzgün saxlanması, daşınması və istehlak şərtləri, qida zəhərlənmələrinin profilaktikası və qarşısının alınması yolları izah olunub. Bununla yanaşı, sağlam qidalanma prinsipləri və keyfiyyətli qidanın gənc nəslin fiziki inkişafında rolu diqqətə çatdırılıb.
Tədbirin sonunda bufet operatorlarına metodiki tövsiyələr verilib, iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb. 
Bu cür maarifləndirici görüşlərin digər təhsil müəssisələrində də davam etdirilməsi planlaşdırılır.