21 aprel 2026 11:56
94

AFFA İntizam Komitəsi "Neftçi"ni 26200 manat cərimələyib

"Neftçi" klubu 26200 manat məbləğində cərimələnib.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna "Zirə"yə qarşı keçirilmiş Misli Premyer Liqasının XXVIII turunun oyununda yaşananlar səbəb olub.

Qarşılaşmada "Neftçi"dən beş nəfər sarı vərəqə alıb. Buna görə "ağ-qaralar" 700 manat ödəyəcək.

Komandanın baş məşqçisi Yuri Vernidub 90+8-ci dəqiqədə hakimin qərarına etiraz ucbatından birbaşa qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalanıb, kluba isə 5000 manat cərimə tətbiq edilib.

Ukraynalı mütəxəssisin köməkçisi Dmitro Kara Mustafa eyni səbəbdən bir matçlıq cəzaya məruz qalıb. Bakı təmsilçisi daha 5000 manat ziyana düşüb.

"Neftçi"nin futbolçusu Breno Almeyda da 90+5-ci dəqiqədə birbaşa qırmızı vərəqə görüb. O da bir oyun komandasına kömək edə bilməyəcək. "Ağ-qaralar" buna görə 3000 manat ödəməli olacaq.

Bundan əlavə, komandanın azarkeşləri hakimləri ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığı üçün klub 8000 manat cərimə olunub. Fanatlar meydana kənar aşyalar da atıblar. Bakılılar daha 4500 manatından keçməli olacaq.

Bundan əlavə, "Zirə" də cərimələnib. Beş nəfər sarı vərəqə aldığı üçün "qartallar" 700 manat ziyana düşüb. Köməkçi məşqçi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğu üçün qırmızı vərəqə alıb və ona bir oyunluq cəza verilib. Qəsəbə klubu 2000 manat cərimə ödəməli olacaq.

Görüş bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulub və "Zirə" buna görə 3000 manat cərimə olunub. Dəymiş zərər isə məhz bu klub tərəfindən ödəniləcək.