Azərbaycanın yüksələn motorsport istedadı, 16 yaşlı Davin Cəfərov beynəlxalq arenada sabit performansını və yüksək rəqabət qabiliyyətini bir daha nümayiş etdirib. “İki sahil” xəbər verir ki, formula 4 üzrə uğurla keçdiyi iki test sessiyasından sonra o, yarış ritmini qorumaq və formasını yüksək səviyyədə saxlamaq məqsədilə Portuqaliyada, KIRO – Karting International West Region trekində keçirilən TAG Livre Portuguese Trophy yarışında iştirak edib.
Yarışda Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan pilotlar mübarizə apararaq güclü beynəlxalq rəqabət mühiti formalaşdırıblar. Güclü külək və arabir yağan yağış nəticəsində trasda tutumun və görünmənin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Davin Cəfərov yüksək səviyyəli çıxış sərgiləyib. Yarış həftəsonu gərgin mübarizə ilə yadda qalıb, ümumilikdə 8 qəza qeydə alınıb. Buna baxmayaraq, Davin Cəfərov yaşından daha böyük yetkinlik, yüksək idarəetmə bacarığı və yarış intellekti nümayiş etdirərək hər üç yarışı səhvsiz və qəzasız başa vurub. Onun sabit və inamlı çıxışı yekunda birinci yerlə nəticələnib. Bununla da Davin Cəfərov yenidən podiumun ən yüksək pilləsinə yüksələrək motorsport dünyasında perspektivli pilot kimi mövqeyini daha da möhkəmləndirib.
Davin Cəfərov yalnız trekdə deyil, trekdən kənarda da Azərbaycanı qürurla təmsil etməyə davam edir. Onun artıq tanınan “44 qələbə jesti” bu dəfə də digər pilotların və komanda üzvlərinin diqqətini cəlb edib. Davin Cəfərov bildirib ki, bu jest Azərbaycanın 44 günlük Zəfərinə həsr olunub və dözümlülüyün, qətiyyətin, eləcə də milli qürurun rəmzidir.
Formula 1-ə yüksəlməyi qarşısına məqsəd qoyan Davin Cəfərov inkişaf yolunda inamla irəliləyir. O, intizamı, istedadı və beynəlxalq təcrübəsi ilə motorsportun ən yüksək səviyyəsinə doğru addımlarını davam etdirir. Bununla yanaşı, sponsorluq məsələlərinin hələ də tam həllini tapmaması səbəbindən azərbaycanlı pilotun cari ildə Formula 4-də rəsmi debütü ilə bağlı qeyri-müəyyənlik davam edir.