15 aprel 2026 16:32
210

Combat Peşəkar Döyüş Liqasının “Qala Gecəsi” yüksək səviyyədə keçirilib - FOTO

14 aprel 2026-cı il tarixində paytaxt Bakıda idmansevərlərin səbirsizliklə gözlədiyi möhtəşəm hadisə – Combat Peşəkar Döyüş Liqasının “Qala Gecəsi” yüksək səviyyədə baş tutdu. 

“İki sahil” xəbər verir ki,  Arpaçay İdman Birliyinin təşkilatçılığı və Kung-Fu federasiyanın dəstəyi ilə keçirilən bu mötəbər tədbir “Elektra Events Hall”da unudulmaz anlarla yadda qaldı.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin,əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rəsmi açılış nitqi ilə çıxış edən Combat Peşəkar Döyüş Liqasının prezidenti Ruslan Məmmədov ölkəmizdə idmanın sürətli inkişafından, dövlət başçısı Cənab İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs etdi. O, idmançılara uğurlar arzulayaraq, bu möhtəşəm gecənin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi və əlavə olaraq qeyd etdi ki, yarış çərçivəsində idmançılar kubok, çempionluq kəməri və 20 min manatlıq mükafat fondu uğrunda mübarizə aparacaqlar.

Bu möhtəşəm və mötəbər gecədə millət vəkillərimiz Vüqar Rəhimzadə, Arzu Nağıyev, Vüqar İskəndərov, eləcə də dünya şöhrətli idmançılarımız Rəfael Ağayev, Tofiq Musayev, Xəzər İsayev Nicat Şıxəlizadə və digər tanınmış simalar iştirak edərək idmançılarımızı tək buraxmadılar. Onlar bu əlamətdar gecədə idmançılara dəstək olmaq üçün bir araya gələrək tədbirə xüsusi rəng və dəyər qatdılar.

Daha sonra çıxış edən Kung-Fu federasiyasının prezidenti Nurlan Aslanov idmançıların hazırlıq mərhələsi, təşkilati proseslər və yarışın əhəmiyyəti barədə ətraflı məlumat verdi.

Gecə çərçivəsində 6 möhtəşəm döyüş keçirildi və ümumilikdə 12 peşəkar idmançı rinqə çıxaraq öz gücünü və ustalığını nümayiş etdirdi. Hər döyüş tamaşaçılara yüksək adrenalın və əsl idman ruhunun nə olduğunu bir daha göstərdi.

Qalib idmançılar kəmər, kubok və pul mükafatları ilə təltif olundular. Tədbir boyu təqdim olunan rəngarəng şou proqramları və rəqslər isə gecəyə xüsusi ab-hava qatdı.

Sonda Arpaçay İdman Birliyinin I vitse-prezidenti Yavər Hüseynov Birliyin prezidenti Əli Əsərov adından çıxış edərək bütün idmançılara, təşkilatçılara və idmansevərlərə minnətdarlığını bildirdi. O, bu cür mötəbər yarışların davamlı olacağını xüsusi vurğuladı.

Combat Peşəkar Döyüş Liqasının bu möhtəşəm qala gecəsi bir daha sübut etdi ki, Azərbaycanda idman sürətlə inkişaf edir və bu inkişafın arxasında güclü təşkilatçılıq, böyük zəhmət və sarsılmaz birlik dayanır.