Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin Livanın müxtəlif bölgələrinə həyata keçirdiyi hücumları ən sərt şəkildə pisləyib.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.
Bəyanatda hərbi eskalasiyanın artmasından ciddi narahatlıq ifadə olunub və bu gərginliyin regional təhlükəsizlik və sabitliyə mənfi təsir göstərdiyi vurğulanıb. Nazirlik daha çox insan itkisinin qarşısını almaq üçün beynəlxalq səylərin əlaqələndirilməsinin vacibliyini qeyd edib.
Sənəddə həmçinin beynəlxalq hüquq normalarına və müvafiq müqavilələrə uyğun olaraq mülki şəxslərin tam müdafiəsinin təmin edilməsinin zəruriliyi diqqətə çatdırılıb.
BƏƏ XİN Əbu-Dabinin Livan hökuməti ilə tam həmrəy olduğunu və bu kritik dövrdə ona dəstək verdiyini bildirib.
Vurğulanıb ki, BƏƏ Livanın birliyi, suverenliyi və ərazi bütövlüyünü sarsılmaz şəkildə dəstəkləyir.
Bundan əlavə, rəsmi bəyanatda dövlətlərarası münasibətləri tənzimləyən qanunlara zidd olan zorakılıq halları rədd edilib. BƏƏ tərəfləri mübahisələri qarşıdurma yolu ilə deyil, diplomatik kanallar vasitəsilə həll etməyə çağırıb.