Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dəmir yolu infrastrukturunun idarə olunması ilə bağlı irəli sürülən təkliflərə münasibət bildirib. O qeyd edib ki, Ermənistan bu sahədə yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır, lakin mövcud reallıqlar nəzərə alınmadan hər hansı addım atılmayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Baş nazirin sözlərinə görə, Ermənistan Qazaxıstan kimi tərəfdaş ölkələrə hazırda Rusiya idarəçiliyi altında olan dəmir yollarının imkanlarından istifadə etməyi təklif edə bilər. Bununla belə, o xüsusi vurğulayıb ki, bu məsələ Rusiya ilə müzakirə olunmadan həyata keçirilə bilməz. Paşinyan bildirib ki, Moskva ilə dialoq üçün geniş və açıq imkanlar mövcuddur və bu istiqamətdə iş davam etdiriləcək.
Xatırladaq ki, Ermənistanın dəmir yolları hazırda Rusiya Dəmir Yolları şirkətinin törəmə qurumu tərəfindən idarə olunur. Bu idarəetmə 2008-ci ildə imzalanmış və 30 il müddətinə nəzərdə tutulmuş konsessiya müqaviləsi əsasında həyata keçirilir.
Paşinyan daha əvvəl çıxışlarında qeyd etmişdi ki, Ermənistan Rusiyaya qarşı addım atmaq niyyətində deyil. Lakin o, mövcud idarəetmə modelinin ölkənin strateji mövqelərinə və rəqabət qabiliyyətinə müəyyən mənfi təsir göstərdiyini də dilə gətirmişdi. Bu baxımdan o, konsessiyanın Ermənistan və Rusiya ilə dost münasibətlərə malik üçüncü ölkəyə ötürülməsi ehtimalını istisna etməmişdi. Mümkün tərəfdaşlar arasında Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi dövlətlərin adları çəkilmişdi.