05 aprel 2026 20:15
158

VIII Etnoidman Forumunda qlobal sülh çağırışı və “Ethnoidman 2027” vizyonu ön plana çıxıb

Ənənəvi idman növlərinin və mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi məqsədilə bu il səkkizinci dəfə təşkil olunan Etnoidman Forumu Antalyada qapılarını açdı.

“İki sahil” xəbər verir ki, beynəlxalq idman ictimaiyyətini, dövlət nümayəndələrini və mədəni irs elçilərini bir araya gətirən forumun ilk günü Dünya Etnoidman Konfederasiyasının (WEU) İdarə Heyətinin üzvü Mustafa Eröğütün “Çoxnövlü idman tədbirlərinin qlobal təsiri — “Ethnosports 2027” çərçivəsi” mövzusunda təqdimatı ilə başlayıb.

Ardınca açılış nitqləri və Yüksəksəviyyəli Nazirlər Panelində ənənəvi idman növlərinin təşkilatlanması və dünyada baş verən humanitar böhranlar fonunda güclü sülh mesajları əsas xətt kimi ön plana çıxıb.

Bilal Ərdoğan: Ortaq dilimiz sülh olmalıdır

Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Erdoğan çıxışında forumun illər ərzində ideya platformasından qlobal məsləhətləşmə və idarəetmə məkanına çevrildiyini vurğulayıb. O, artıq söz mərhələsindən əməli addımlara keçməyin vaxtının çatdığını bildirib və ənənəvi idman növlərinin beynəlxalq standartlara yüksələcəyi “Etnoidman 2027” vizyonunu elan edib.

Bilal Ərdoğan regional və qlobal böhranlara da toxunaraq, idmanın və mədəni dəyərlərin birləşdirici gücünə diqqət çəkib. O, uşaqların oyun əvəzinə müharibə, qorxu və aclıqla üzləşdiyi bir dünyanın qəbulolunmaz olduğunu, gələcəyə dair hədəflərin münaqişə deyil, dialoq fonunda qurulmalı olduğunu bildirib: “Bu gündən etibarən ortaq dilimiz sülh olmalıdır”.

Osman Aşkın Bak: Etnoidman gənclərimizi qoruyan strateji qalxandır

Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak çıxışında ölkəsinin bölgədə və dünyada davamlı atəşkəs və sülhün təmin olunması üçün təşəbbüslərini davam etdirdiyini bildirib.

Nazir etnoidmanı idman, təhsil və gənclər siyasətinin kəsişdiyi strateji sahə kimi qiymətləndirib. O vurğulayıb ki, asılılıq, təcrid və kimlik axtarışı kimi müasir risklərə qarşı ən güclü vasitə gəncləri köklü dəyərlərlə birləşdirməkdir. Nazir, həmçinin gənclər düşərgələri vasitəsilə bu irsin on minlərlə gəncə çatdırıldığını, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan oyunların sayının artırıldığını və WEU ilə birlikdə “Ənənəvi idman növləri və oyunlar ensiklopediyası” layihəsinin həyata keçirildiyini qeyd edib.

Beynəlxalq həmrəylik və ortaq kimlik mesajları

Açılış proqramında çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, ənənələri qorumaq gələcəyi qurmaq deməkdir və fərqli mədəniyyətlər ortaq dəyərlər ətrafında birləşərək davamlı dostluqlar yaradır.

Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Omuraliyev isə ənənəvi idman növlərinin təkcə fiziki fəaliyyət deyil, ortaq dil və mədəniyyətlərlə bağlı xalqların kimliyinin canlı ifadəsi olduğunu vurğulayıb.

Nazirlər panelində əsas mövzu: “Ethnoidman 2027”

Yüksəksəviyyəli Nazirlər Panelində əsas müzakirə mövzusu “Ethnoidman 2027” vizyonu olub.

Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzəbossinov ənənəvi idman növlərinin Olimpiya Oyunları ilə eyni səviyyədə dəyərləndirildiyini bildirib.

Qırğızıstan dövlət bədən tərbiyəsi və idman naziri Urmat Asanbayev bu platformanın 2027-ci ildə beynəlxalq əməkdaşlıq və mədəni mübadilə üçün mühüm zəmin yaratdığını deyib.

Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev "Etnoidman 2027”nin idmanla yanaşı biznes, mədəniyyət və təhsil sahələrini də birləşdirən çoxşaxəli platforma ola biləcəyini vurğulayıb.

Yəmənin gənclər və idman naziri Nayif Salih Əl-Bakri mədəni müxtəlifliyin qorunaraq gələcək nəsillərə ötürülməsində qətiyyətli olduqlarını bildirib.

Panelin yekununda Bilal Ərdoğan bu vizyonun artıq praktik mərhələyə keçdiyini qeyd edərək, iştirakçı ölkələrlə əməkdaşlığın daha da genişləndiriləcəyini və növbəti etnoidman tədbirlərinə hazırlıqların başlandığını açıqlayıb.

VIII Etnoidman Forumu “Ethnoidman 2027” hədəfləri istiqamətində keçirilən müzakirələr, məlumat mübadiləsi sessiyaları və ikitərəfli görüşlərlə başa çatıb.