Bu ilin fevral ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 15 % artaraq 8 milyard 200 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,171 milyard manatı (87,5 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 26 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,7 %-ni təşkil edib.
Bu il martın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 347 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,9 %, ilin əvvəli ilə müqayisədə 1,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 12,8 % artaraq 20,275 milyon, kredit kartlarının sayı isə 8,5 % azalaraq 2,072 milyon olub. Fevralda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 11,566 milyard manat (illik müqayisədə 13,6 % çox) və 639 milyon manat (19,6 % az) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 7 %, POS-terminalların sayı isə 49,1 % artaraq müvafiq olaraq 3 593 ədəd (Bakı üzrə 1 935 ədəd) və 185 361 ədəd (Bakı üzrə 115 670 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib