04 aprel 2026 18:45
122

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə İstanbulda azərbaycanlı tələbələr arasında keçirilən "Heydər Əliyev Kuboku" uğrunda futbol turnirinin ilk mərhələsi uğurla başa çatıb.

“İki sahil” xəbər verir ki, turnirdə İstanbulun müxtəlif universitetlərində təhsil alan 60-a yaxın tələbə iştirak edib. Aprelin 4-də baş tutan həlledici final oyununda xüsusi qonaq qismində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Adil Hüseynov və TADEF-in sədr müavini Pərviz Məmmədzadə iştirak ediblər. Final qarşılaşması məhz rəsmi qonaqların rəmzi start vuruşu ilə başlayıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən final matçında "Fitbolçular" komandası qalib gələrək çempion adını qazanıb. Tədbirin sonunda qalib komandaya kubok təqdim olunub.

Qeyd edək ki, finala çıxan komandalar may ayında Türkiyənin müxtəlif şəhərlərində təhsil alan tələbələrdən təşkil olunan komandaların iştirakı ilə keçiriləcək final mərhələsində İstanbul şəhərini təmsil edəcəklər.