04 aprel 2026 18:07
122

BƏƏ-nin HHM qüvvələri bu gün 23 ballistik raket və 56 PUA zərərsizləşdirib

BƏƏ-nin Hava Hücumundan Müdafiə (HHM) qüvvələri aprelin 4-də İran ərazisindən buraxılmış 23 ballistik raketin və 56 pilotsuz uçuş aparatının (PUA) qarşısını alıb.

“İki sahil” xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında bildirilib.

"İranın hücumları başlayandan bəri HHM qüvvələri 498 ballistik və 23 qanadlı raketi, eləcə də 2 141 PUA-nı zərərsizləşdirib. Hücumlar nəticəsində iki hərbi qulluqçu, həmçinin silahlı qüvvələrdə çalışan mərakeşli mülki podratçı həlak olub. Bundan əlavə, müxtəlif millətlərdən olan 10 dinc sakin hücumların qurbanı olub", - nazirlikdən qeyd edilib.

Bildirilib ki, ümumilikdə 217 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

"Müdafiə Nazirliyi döyüşə, istənilən təhdidlərə qarşı durmağa, dövlətin suverenliyinin, sabitliyinin qorunmasını və milli maraqlarının müdafiəsini təmin edərək onun təhlükəsizliyini sarsıtmaq cəhdlərinin qətiyyətlə qarşısını almağa hazır olduğunu bəyan edir", - nazirlikdən vurğulanıb.