04 aprel 2026 14:48
107

İtaliyan ekspert: Bakı təhlükəsizlik məsələləri və iqtisadi imkanlar arasında tarazlığı təmin edir

Yaxın Şərqdə davam edən geosiyasi proseslər fonunda Azərbaycan milli təhlükəsizlik məsələlərini inkişaf etməkdə olan iqtisadi imkanlardan istifadə ilə tarazlaşdırma yolu ilə balanslı yanaşma nümayiş etdirir.

“İki sahil” xəbər verir ki, Bu barədə AZƏRTAC-a İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti və beynəlxalq ekspert Karlo Marino bildirib.

Onun sözlərinə görə, milli maraqlar müasir beynəlxalq münasibətlərdə əsas rol oynayır və regiondakı mövcud vəziyyət bu tendensiyanı əks etdirir.

Ekspert qeyd edib ki, regiondakı gərginlik və enerji bazarlarındakı dəyişkənlik fonunda Azərbaycan qlobal enerji bazarının mühüm iştirakçısı kimi əlavə iqtisadi imkanlar qazanır.

“Bakı sabitliyin qorunmasına və öz iqtisadi potensialından səmərəli şəkildə istifadə olunmasına yönəlmiş balanslı siyasət yürüdür”, - deyən Karlo Marino vurğulayıb ki, neftin qiymətlərinin artması iqtisadi göstəricilərə təsir edən əsas amil olaraq qalır: hazırda “Azeri Light” markalı neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan səviyyədən xeyli yüksəkdir və bu, ölkə iqtisadiyyatı üçün əlavə maliyyə imkanları yaradır.

Bununla yanaşı, ekspertin sözlərinə görə, Azərbaycan regional sabitliyə və əməkdaşlığa diqqət yetirərək ehtiyatlı və praqmatik xarici siyasət yürüdür.

Karlo Marino vurğulayıb ki, ölkənin coğrafi mövqeyi, həmçinin mövcud iqtisadi və nəqliyyat əlaqələri xarici siyasət qərarlarına düşünülmüş və balanslı yanaşma tələb edir.

Ekspert hesab edir: “Qlobal enerji bazarlarında yaranan mövcud vəziyyət, o cümlədən təchizat zəncirlərində baş verən dəyişikliklər və qiymət dinamikası ixrac gəlirlərinin artması üçün əlavə şərait yaradır. Beynəlxalq analitiklərin fikrincə, davamlı yüksək neft qiymətləri valyuta gəlirlərinin artmasına və ölkənin maliyyə ehtiyatlarının möhkəmlənməsinə töhfə verə bilər. Hazırkı şəraitdə iqtisadi imkanlar və uzunmüddətli dayanıqlılıq arasında balansın qorunması vacibdir”.

O, həmçinin qlobal bazarın dəyişkənliyinin ehtiyatlı yanaşma və müxtəlif amillərin nəzərə alınmasını tələb etdiyini vurğulayıb.

Karlo Marinoya görə, Azərbaycanın qarşısında sabit inkişafın və mövcud resurslardan səmərəli istifadənin təmin edilməsinə yönəlmiş ardıcıl siyasəti davam etdirmək vəzifəsi dayanır.