04 aprel 2026 12:59
105

ABŞ və İsrail İranın cənub-qərbindəki neft-kimya obyektlərinə zərbə endirib

ABŞ və İsrail İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Mahşəhr limanındakı xüsusi neft-kimya zonasının ərazisinə zərbələr endirib.

“İki sahil” xəbər verir ki, bu barədə İran KİV-i Xuzistan administrasiyasına istinadən məlumat yayıb.

Azı üç zərbənin endirildiyi qeyd olunub.

"Mahşəhrə hava hücumu nəticəsində "Fajr-1" və "Fajr-2" neft-kimya şirkətləri, həmçinin "Rajal" və "Amir Kabir" müəssisələri zərər çəkib", - məlumatda bildirilib.

Mülki şəxslər arasında ölənlər və yaralananların olma ehtimalının yüksək olduğu qeyd edilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.