Biz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini yüksək qiymətləndiririk. Orta Dəhlizin institusional statusunu artırmaq məqsədilə biz bu il Azərbaycanla müvafiq hökumətlərarası saziş imzalamağı planlaşdırırıq. Əlavə olaraq, bu marşrutun sabitliyini qoruyub saxlayaraq, onun Zəngəzur dəhlizinin açılması ilə inteqrasiyasını təmin etmək zəruridir. Bu baxımdan Qazaxıstan sözügedən layihədə fəal iştirak etməyə hazırdır və bu gün bir sıra Qazaxıstan şirkətləri dəmir yolu infrastrukturunun tikilməsi və müasirləşdirilməsi işlərində maraqlıdır.
“İki sahil” xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyadakı mövcud vəziyyət təşkilatımız çərçivəsində “TDT+” formatının aktuallığını artırır. Qazaxıstan Orta Dəhlizin əsas iştirakçıları ilə bu formatda görüşlərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu əməkdaşlıq hər iki bazarda mühüm tərəf kimi çıxış etmək və enerji tərəfdaşlığında yeni arxitektura formalaşdırmaq imkanı yaradacaq.
“Yaxın gələcəkdə Qazaxıstan TDT-nin süni intellekt və rəqəmsal inkişaf üzrə qeyri-rəsmi Zirvə Görüşünə ev sahibliyi etməyi planlaşdırır. Əminəm ki, bu görüş rəqəmsal transformasiyaya yeni təkan verəcək və texnoloji əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək”, - deyə Baş nazir bildirib.