30 mart 2026 14:37
91

“Air China” 6 illik fasiləyə son qoydu

Çinin milli aviadaşıyıcısı “Air China” 6 illik fasilədən sonra Pekin ilə Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyan arasında sərnişin təyyarəsi uçuşlarını bərpa edib.

“İki sahil” xəbər verir ki, martın 30-da yerli vaxtla səhər saat 8-də (Bakı vaxtı ilə saat 4-də) şirkətin CA121 nömrəli reysi üzrə ilk təyyarəsi Pekinin Paytaxt Beynəlxalq Hava Limanından yola düşüb. Təyyarənin saat 10:30-da Pxenyana çatması gözlənilir. Geri dönüş isə günorta saatlarında baş tutacaq. Ekonom sinif biletlərinin qiyməti təxminən 200 ABŞ dollarıdır.

Çin ilə KXDR arasında uçuşlar 2020-ci ilin əvvəlində COVID-19 virusunun yayılmağa başladığı vaxt dayandırılıb. “Air Koryo” şirkəti 2023-cü ildən Pxenyan-Pekin uçuşlarını bərpa edib.

Qeyd edək ki, martın 12-də iki ölkə arasında sərnişin qatarlarının hərəkəti də 6 illik fasilədən sonra bərpa olunub. Artıq Çinin Dandon şəhəri ilə Pxenyan arasında sərnişin qatarları gündəlik əsasda, Pekin-Pxenyan qatarları isə həftədə 4 dəfə fəaliyyət göstərir.