30 mart 2026 12:36
96

Fransada yük maşını sürücülərinin yanacaq qiymətlərinin artımına etirazları davam edir

Hökumətin açıqladığı yardımlara baxmayaraq,

“İki sahil” xəbər verir ki, bu gündən etibarən Fransanın bir neçə bölgəsində “ilbiz əməliyyatları” (yolların yavaş hərəkətlə bloklanması) gözlənilir. Sürücülər ən azı 2022-ci ildə tətbiq olunan dəstəyə bənzər yardım almağa ümid edir, lakin hökumət hazırkı büdcə vəziyyətinin fərqli olduğunu bildirir.

Yaxın Şərqdə müharibənin başlanmasından bəri, təxminən bir aydan çox müddətdə yanacaq qiymətlərinin artması sürücülər arasında narazılığa səbəb olub. Martın 27-də hökumət qiymət artımından təsirlənən peşə sahibləri üçün hədəfli yardım paketi elan edib. Lakin “Fédération Nationale des Transports Routiers” təşkilatının baş nümayəndəsi Florans Bertelo bu tədbirlərin kifayət qədər və effektiv olmadığını bildirib.

“Organisation des transporteurs routiers européens” isə hesab edir ki, ayrılan 50 milyon avroluq büdcə mövcud vəziyyətin ciddiliyinə, peşəkarların üzləşdiyi çətinliklərə və 2022-ci ildə görülən tədbirlərlə müqayisədə yetərli deyil.

Xatırladaq ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra baş verən qiymət artımı fonunda hökumət hər litr üçün 30 sent subsidiya tətbiq etmişdi. Hazırda isə hökumət bildirir ki, mövcud büdcə imkanları belə bir dəstəyi təmin etməyə imkan vermir.

Sektorun həmkarlar ittifaqları artıq narazılıqlarını ifadə etmək üçün aksiyalar planlaşdırır. Martın 28-də Lyonun cənubunda yerləşən A7 avtomagistralı üzərində baş tutan aksiyada təxminən 20 yük maşını yolun üç zolağından ikisini bağlayıb.

Bu cür aksiyaların həftə ərzində genişlənəcəyi gözlənilir. “Organisation des transporteurs routiers européens” martın 30-da İl-deö-Frans bölgəsində, martın 31-də isə Peyi de la Luar ərazisində ilbiz əməliyyatları keçirəcəyini açıqlayıb.

Aprelin 1-də isə “Fédération Nationale des Transports Routiers” ilə birlikdə Provans-Alp-Kot-d’Azür, həmçinin Oksitani və Yeni -Akiten bölgələrində oxşar etiraz aksiyaları planlaşdırılır.