Almaniyanın Baden-Vürtemberq əyalətində fəaliyyət göstərən Azərbaycan və türk icmaları Ramazan və Novruz bayramlarını geniş qeyd ediblər.
“İki sahil” xəbər verir ki, bayram tədbirində çıxış edənlər milli-mənəvi dəyərlərin qorunmasının, eləcə də onların Almaniyada təbliğinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Türkiyənin Ştutqart şəhərindəki baş konsulu Makbule Koçak Kaçar Ramazan və Novruz bayramlarının ortaq mədəni irsin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edərək bildirib ki, bu cür tədbirlər xaricdə yaşayan qardaş icmalar üçün həmrəyliyin gücləndirilməsi və milli kimliyin yaşadılması baxımından mühüm platformadır.
Ştutqart Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Evinin sədri Günay Mirzəyeva çıxışında Novruz bayramının tarixi kökləri, fəlsəfi mahiyyəti və zəngin mədəni irsi barədə ətraflı məlumat verib. O vurğulayıb ki, Novruz təkcə baharın gəlişinin deyil, həm də yenilənmə, birlik və həmrəylik rəmzidir. Günay Mirzəyeva əlavə edib ki, diaspor mühitində bu cür bayramların keçirilməsi milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Almaniyadakı türk diasporunun üzvləri Güner Öztel və Cevdet Başbuğ ortaq soykökə və ümumi dəyərlərə əsaslanan birliyimizin möhkəmləndirilməsi işində icmalarımızın fəallığının vacibliyini diqqətə çatdırıblar. Bu baxımdan belə tədbirlərin keçirilməsinin, zəngin milli mədəni irsimizin təbliği və gənc nəslə ötürülməsinin zəruriliyi qeyd olunub.
Tədbirin ən yaddaqalan məqamı Novruz tonqalının alovlandırılması olub. Bayram tədbirinin iştirakçıları ənənəyə uyğun olaraq tonqal ətrafında toplaşaraq onun üzərindən tullanıb, qədim adət-ənənələrimizi yaşadıblar.