23 mart 2026 21:52
92

Çindəki azərbaycanlı tələbələr Novruz süfrəsində toplaşıblar

Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının dəstəyi və Azərbaycan Çin Məzunlar Birliyinin birgə təşkilatçılığı ilə Pekində ilk dəfə Novruz bayramı ilə əlaqədar tədbir təşkil olunub.

“İki sahil” xəbər verir ki, Çinin 15 universitetindən 60-a yaxın tələbə və məzunun iştirak etdiyi tədbir gəncləri bir araya gətirərək milli-mədəni dəyərlərimizin təbliği, həmçinin tələbələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Bayram proqramı çərçivəsində iştirakçılar Novruzun zəngin adət-ənənələrini böyük ruh yüksəkliyi ilə qeyd edib, bayram sevincini birlikdə yaşayıblar. Bununla yanaşı, tədbir çərçivəsində iştirakçılar arasında səmimi ünsiyyət mühiti formalaşıb, yeni tanışlıqlar və əməkdaşlıq imkanları üçün əlverişli şərait yaranıb ki, bu da Çində təhsil alan azərbaycanlı tələbələr arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edib.