AMEA Nəsimi adına Dilçilik İnstitutunda tanınmış alim, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlinin 80 illik yubiley tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professor İsmayıl Məmmədlinin elmi yaradıcılığında xalq həyatına, milli-mənəvi dəyərlərə və Azərbaycan dilinin zənginliyinə bağlılığın xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, alimin tədqiqatlarında xalqın məişətini, adət-ənənələrini və həyat tərzini əks etdirən dil materiallarının öyrənilməsi mühüm istiqamətlərdən birini təşkil edir.
AMEA rəhbəri professor İsmayıl Məmmədlinin elmi fəaliyyətinin çoxşaxəli olduğunu söyləyib. Akademik İsa Həbibbəyli alimin tədqiqatlarının yalnız leksikologiya ilə məhdudlaşmadığını, onun etnolinqvistika və onomologiya sahələrində də araşdırmalar apardığını və çoxsaylı kitabların, monoqrafiyaların, lüğət və elmi məqalələrin müəllifi olduğunu vurğulayıb. Alimin elmi-pedaqoji fəaliyyətindən bəhs edən AMEA prezidenti onun 30-dan artıq yetirməsinin olduğunu, bir sıra nəşrlərin elmi redaktoru və rəyçisi kimi də fəaliyyət göstərdiyini qeyd edib. Akademik İsa Həbibbəyli İsmayıl Məmmədlinin Azərbaycan dilinin etnoqrafik leksikasına həsr olunmuş doktorluq dissertasiyasını və onun əsasında ərsəyə gələn kitabını Azərbaycan dilçiliyinin əhəmiyyətli elmi nailiyyətlərindən biri kimi səciyyələndirib. Bildirib ki, bu tədqiqat alimin elmi fəaliyyətində mühüm mərhələ olmaqla yanaşı, Azərbaycan dilinin xalq həyatından qaynaqlanan leksik zənginliyinin öyrənilməsinə də dəyərli töhfədir.
Çıxışında İsmayıl Məmmədlinin alim və şəxsiyyət kimi səciyyəvi xüsusiyyətlərindən danışan akademik İsa Həbibbəyli onun sadəliyini, səmimiliyini, ədalətliliyini və xalqına bağlılığını xüsusi vurğulayıb. O, yubilyarın həm elmi fəaliyyəti, həm də insani keyfiyyətləri ilə cəmiyyət içində böyük hörmət qazandığını diqqətə çatdırıb.
Sonda akademik İsa Həbibbəyli professor İsmayıl Məmmədlini 80 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb. Akademiya prezidenti professor İsmayıl Məmmədliyə AMEA-nın Fəxri Fərmanını təqdim edib.
Sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək professor İsmayıl Məmmədlinin 80 illik yubileyinin yalnız bir alimin ömür yolunun deyil, həm də Azərbaycan dilçiliyinə həsr olunmuş mənalı həyatın təntənəsi olduğunu vurğulayıb. Bildirib ki, İsmayıl Məmmədlinin 80 illik ömür yoluna nəzər saldıqda Azərbaycan dilinin və dilçilik elminin müəyyən bir dövrünün canlı mənzərəsi ilə qarşılaşırıq. Alimin bütün fəaliyyətini sözə həsr etdiyini deyən Nadir Məmmədli sözün xalqın yaddaşı, tarixi, düşüncəsi və dünyagörüşü olduğunu, onun mənasını və məna çalarlarını dəqiq müəyyənləşdirərək lüğətdə təqdim etməyin böyük bilik, səbir və zəhmət tələb etdiyini qeyd edib.
O, professor İsmayıl Məmmədlinin Azərbaycan lüğətçiliyinin inkişafında xüsusi xidmətlərini diqqətə çatdıraraq onun “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Yeni sözlər və yeni mənalar lüğəti”, “Azərbaycan dilinin məcazlar lüğəti” kimi mühüm nəşrlərin hazırlanmasında iştirakını, dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin ərsəyə gəlməsinə verdiyi töhfəni vurğulayıb. Direktor, həmçinin alimin “Azərbaycan dilinin etnoqrafik leksikası”, “Ekran, efir və dilimiz”, “Qəzet dilinin leksikası”, “Axtarışlar, yozumlar, anımlar” əsərlərini, Səməd Vurğun və Cəfər Cabbarlının bədii dilinin lüğətlərinin hazırlanmasında əməyini yüksək qiymətləndirib. “Professor İsmayıl Məmmədli yalnız zəngin elmi irsi ilə deyil, həm də Azərbaycan dilçiliyində özünəməxsus lüğətçilik məktəbi yaratması ilə seçilir”, – deyə professor Nadir Məmmədli bildirib. İnstitut direktoru lüğətçilik fəaliyyətinin böyük səbir, dəqiqlik və məsuliyyət tələb etdiyini qeyd edərək professor İsmayıl Məmmədli bu keyfiyyətləri öz fəaliyyətində birləşdirən alimlərdən olduğunu vurğulayıb, yubilyara gələcək fəaliyyətində uğurlar arzu edib.
Tədbirdə filologiya elmləri doktoru Baba Məhərrəmli “Azərbaycan dilçiliyində İsmayıl Məmmədli imzası”, professor Sayalı Sadıqova “Azərbaycan dilçiliyində İsmayıl Məmmədlinin tədqiqat istiqamətləri”, filologiya elmləri doktoru Nəriman Seyidəliyev “Azərbaycan dilçiliyində İsmayıl Məmmədlinin lüğətçilik fəaliyyəti”, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərova “Sözə ömür verən, ömrünü sözə həsr edən alim”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov “Professor İsmayıl Məmmədli şəxsiyyəti və Azərbaycan dilçiliyi” mövzularında məruzələrlə çıxış ediblər.
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub