Bu ilin yanvar ayında Azərbaycandan Serbiyaya 13,2 milyon ABŞ dolları dəyərində 34,7 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
“İki sahil” Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 3,5 milyon dollar və ya 20,8%, həcminə görə isə 73 min kubmetr və ya 0,2% azalıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycandan xaricə ümumilikdə 687,5 milyon ABŞ dolları dəyərində 2,292 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 182,6 milyon ABŞ dolları və ya 21%, həcm baxımından isə 46,9 milyon kubmetr və ya 2% azdır.
Eyni zamanda bu ilin yanvar ayında cəmisi bir ölkədən – İran İslam Respublikasından Azərbaycana 2,9 milyon ABŞ dolları dəyərində 43,5 milyon kubmetr təbii qaz idxal edilib. Ötən ilin eyni dövründə isə yalnız Türkmənistandan Azərbaycana 6,4 milyon ABŞ dolları dəyərində 42,6 milyon kubmetr təbii qaz idxalı qeydə alınıb. Beləliklə, illik müqayisədə Azərbaycana təbii qaz idxalı dəyər ifadəsində 3,5 milyon ABŞ dolları və yaxud 2,2 dəfə azalıb, həcm baxımından isə 894 min kubmetr və ya 2,1% artıb.