17 mart 2026 12:40
133

Mikro sahibkarlar vergi və mühasibat uçotu sahəsində təcrübə çatışmazlığı ilə qarşılaşır - Vüsal Arzumanlı

Mikro sahibkarlar fəaliyyətlərinin ilkin mərhələsində bir sıra çətinlik və risklərlə üzləşirlər. Bu çətinliklər əsasən məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına uyğunlaşdırılması, sertifikatlaşdırma proseslərinin həyata keçirilməsi, bazara çıxış imkanlarının məhdudluğu və məhsulların tanıdılması ilə bağlı olur. Bundan əlavə, bir çox hallarda mikro sahibkarların vergi və mühasibat uçotunun aparılması, rüblük vergi hesabatlarının hazırlanması və digər maliyyə öhdəliklərinin yerinə yetirilməsi sahəsində də kifayət qədər təcrübəsi olmur. “ABAD” bu problemlərin aradan qaldırılması üçün ailə bizneslərinə müxtəlif istiqamətlərdə dəstək göstərir.

Bunu ABAD publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı “İki sahil” qəzetinə müsahibəsində diqqətə çatdırıb.

 Müsahibimiz əlavə edib ki, qurum tərəfindən məhsulların standartlara uyğunlaşdırılması və sertifikatlaşdırılması prosesində texniki dəstək təqdim olunur, məhsulların dizaynı və qablaşdırılması üzrə həllər hazırlanır, həmçinin sahibkarlara istehsal avadanlıqlarından istifadə imkanı yaradılır və müxtəlif satış kanalları vasitəsilə məhsulların bazara çıxışı təmin edilir. Eyni zamanda “ABAD” ailə bizneslərinə mühasibatlıq xidməti göstərir, vergi uçotunun aparılmasına dəstək verir və sahibkarların rüblük vergi hesabatlarının hazırlanması və təqdim edilməsi prosesində onlara kömək edir. Bu yanaşma mikro sahibkarların inzibati və maliyyə məsələlərini daha rahat idarə etməsinə və əsas diqqətlərini istehsal və fəaliyyətlərinin, uğurlu təşkilinə və inkişafına yönəltməsinə imkan yaradır.

Yaqut Ağaşahqızı, “İki sahil”