Regionlarda fəaliyyət göstərən “ABAD” mərkəzləri ailə bizneslərinin inkişafında mühüm rol oynayır və layihənin əsas dayaqlarından hesab olunur. Bu mərkəzlər yerli potensialın üzə çıxarılmasına və ailə bizneslərinin daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradır. Hər bir bölgənin iqtisadi xüsusiyyətləri, mövcud resursları və ənənəvi fəaliyyət sahələri nəzərə alınaraq fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Məsələn bəzi regionlarda kənd təsərrüfatı məhsullarının emalı və qida istehsalı daha geniş inkişaf etdirilir, digər bölgələrdə isə dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsi üstünlük təşkil edir. Yuxarıda qeyd edilən yanaşma regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə, yerli resursların dəyər zəncirinə daxil edilməsinə və ailə bizneslərinin bazara çıxış imkanlarının genişlənməsinə şərait yaradır.
Bu fikirləri ABAD publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı “İki sahil” qəzetinə müsahibəsində vurğulayıb.

Onun sözlərinə görə, “ABAD” regionlarda məşğulluğun artırılmasına, ailə gəlirlərinin yüksəlməsinə və ənənəvi sənətkarlıq fəaliyyətinin qorunmasına əhəmiyyətli təsir göstərir. Bu istiqamətdə fəaliyyət göstərən mühüm infrastrukturlardan biri Quba “ABAD Factory” İstehsalat Kompleksidir. Bu kompleks qida məhsullarının emalı və istehsalı üçün müasir imkanlar yaradaraq bölgədə fəaliyyət göstərən ailə bizneslərinin inkişafına geniş şərait təmin edir. Eyni zamanda Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi dekorativ-tətbiqi sənətkarlığın inkişafına xidmət edir, yerli sənətkarların fəaliyyətini dəstəkləyir və ənənəvi sənətkarlıq nümunələrinin qorunub saxlanmasına imkan yaradır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Cəlilabadda “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
ASAN Süni İntellekt platforması vasitəsilə ABAD-da xidmətlərin EFFEKTİVLİYİ VƏ OPERATİVLİYİ TƏKMİLLƏŞDİRİLƏCƏK - ÖZƏL