16 mart 2026 18:43
103

Orta Dəhliz dünyanın ən əhəmiyyətli layihəsidir

Hazırda Avropa və Asiya qitələri ölkələrində bu layihə ilə bağlı müzakirələr aparılır, mövzu diqqətdə saxlanılır. Bunun göstəricisi olaraq

eks-prezidentlərin, sabiq baş nazirlərin zəngin təcrübələri var və onların Bakıda keçirilən tədbirlərdə iştirakları və çıxışları böyük əhəmiyyətə malikdir.

XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Orta Dəhliz və Avrasiya Bağlantı Qapısı" panelində Qırğızıstanın sabiq baş naziri Comart Atarbayev çıxış edib. O, adıçəkilən layihəni dəqiqliklə xarakteriz edib.

Comart Atarbayev bildirib ki, Orta Dəhliz son illərdə qlobal ticarət və logistika sistemində getdikcə daha böyük rol oynamağa başlayıb və Asiya ilə Avropa arasında əsas ticarət marşrutlarından birinə çevrilir:

"Bu marşrutun əsas hərəkətverici qüvvəsi Çinlə Avropa arasında sürətlə artan ticarət dövriyyəsidir. Dəmir yolu daşımalarının sürətli və səmərəli olması Orta Dəhlizin cəlbediciliyini daha da artırır. Orta Dəhliz yalnız Çinlə Avropa arasında deyil, eyni zamanda Yaponiya, Cənub-Şərqi Asiya və Hindistanı Avropa bazarları ilə birləşdirən mühüm logistika xətti kimi formalaşır. Geosiyasi dəyişikliklər fonunda alternativ nəqliyyat marşrutlarına ehtiyacın artması da bu dəhlizin əhəmiyyətini xeyli yüksəldib".

Göründüyü kimi, sabiq baş nazir marşrutun əhəmiyyətini düzgün qiymətləndirir. Azərbaycanın bu təşəbbüsünün dünya ölkələri üçün necə qiymətli olduğunu düzgün təyin edir. O, bununla bərabər vurğulayıb ki, Azərbaycan bu marşrutda strateji mövqeyə malikdir və Asiya ilə Avropa arasında əlaqələrin təmin edilməsində əsas tranzit mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, Orta Dəhliz üzrə konteyner daşımalarının həcmi son illərdə sürətlə artır. Səbəbi əhali artımı və onun təminatının daha da artmasıdır: "Təkcə ötən ilin ilk yarısında daşımaların 93 faiz artması bu layihənin potensialını açıq şəkildə göstərir".

Atarbayev əlavə edib ki, layihənin uğur qazanmasında region ölkələrinin koordinasiyalı fəaliyyəti mühüm rol oynayır: "Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan sərhəd və gömrük prosedurlarını sadələşdirərək logistika proseslərini daha səmərəli edib. Bu istiqamətdə indiyədək təxminən 40 milyard dollar sərmayə qoyulub və investisiyaların davam etdirilməsi planlaşdırılır".

Onun sözlərinə görə, Mərkəzi Asiya və Cənubi Qafqaz artıq qlobal nəqliyyat şəbəkəsində mühüm “quru bağlantı” məkanına çevrilir. Bu baxımdan Orta Dəhlizin inkişafı region üçün prioritet hesab olunur. Çünki region xalqları yaxın müddətdə bu layihənin bəhrəsini dadacaq, sosial həyatlarındakı yüksəlişi görəcəklər. Regionda başa düşürlər ki, şaxələnmiş  belə nəhəng iqtisadi layihələr 50-100 ildən bir irəli sürülə bilər.

Hazırda inşa olunan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu da bu prosesə əlavə təkan verəcək. Yeni xətt Avropa ilə Çin arasındakı məsafəni 900 kilometr qısaldacaq və yük daşımalarının daha sürətli həyata keçirilməsinə imkan yaradacaq. Nəticədə malların Çindən Almaniyaya cəmi 12 günə çatdırılması mümkün olacaq ki, bu da xüsusilə yüksəkkeyfiyyətli məhsullar üçün böyük üstünlük sayılır. Halbuki əvvəllər yük qatarları bu yolu 20 gündən tez geqə bilməzdi. Rəqəmlərdəki ciddi fərqlər göz önündədir. Faktlar göstərir ki, yeni dəmiryol nə qədər əlverişlidir. Bunlar o deməkdir ki, marşruta qoşulan ölkələr beş-on ildən sonra fantastik məbləğdə pullara sahibi olacaqlar. Üstəgəl, yolun keçdiyi ölkələr də külli miqdarda tranzit haqqı alacaq, öz büdcələrini daha da zənginləşdirəcəklər.

Vəli İlyasov, “İki sahil”