16 mart 2026 19:42
132

Şanlı qələbəmizin qəhrəmanlıq simvolu

Tehran Nadir oğlu Cəfərov İkinci Qarabağ müharibəsində canını Vətən, millət yolunda fəda etməklə əbədiyyət adlı dünyasına qovuşub. O, ömrünün 28-ci baharında şanlı qələbəmizin qəhrəmanlıq simvoluna çevrilərək əbədi ürəklərə köçüb. Vətənə, torpağa olan sevgisi Biləsuvar rayonunun Günəşli kəndində boya-başa çatan Tehranı bütün Azərbaycan xalqı üçün iftixar mənbəyi, qürur yeri edibdir. İndi kiçik də, böyük də öz ölümsüzlüyə qovuşan qəhrəman oğlunun adını ehtiramla çəkir, eləcə yeni nəsil həyatda onun kimi olmağı arzulayır.

Vətəninə, millətinə baş ucalığı gətirən, müqəddəs şəhidlik zirvəsindən gələcəyə boylanan, mənən diri olan, şərəfli ölümü ilə ürəklərdə özünə əzəmətli abidə ucaldan Tehran Cəfərov lap uşaqlıqdan doğma Azərbaycana, onun hər qarış torpağına sevdalı böyüyüb. Odur ki, kənd orta məktəbi başa vuranda yağı düşmənin Qarabağımızın yağmalanması onu daha çox düşündürüb. Elə ordu sıralarına da erməni dığalardan qisas almaq məqsədilə yollanıb.

Tehran cəbhə bölgəsində Vətən qarşısında olan oğulluq borcunu yerinə yetirməyə başlayıb. Xidmət zamanı yurduna bağlılığı, cəsurluğu, igidliyi, mərdliyi əsgər yoldaşlarına nümunə olub. Hərbi hissədə hamı ona hörmət göstərib. Vətəni canından əziz tutan, qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yanan gənc əsgər müharibə zamanı vacib olan döyüş taktikasına həvəslə yiyələnib. Qatıldığı hərbi təlimlərdə həmişə yüksək nəticələr qazanıb. Beləcə, özünü Vətən naminə mübarizəyə tam hazır bilən Tehran müddətli hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdıb, ön xətdə yerləşən bölgələrdən birində torpağına keşik çəkməklə bərabər, həm də yağıdan alacağı öcə görə hərbi biliklərini durmadan artırıb...

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azadlığı uğrunda başlanan haqq savaşımızda hamıdan öncə silaha sarılıb. Əsas məqsədi mənfur erməni işğalçılardan qisas almaq olan Tehran ilk gündən çəkinmədən odun-alovun içinə atılıb, çox cəsarətlə vuruşub və Vətənə, torpağa sonsuz məhəbbəti, dığalara nifrəti sayəsində ağır sınaqdan zəfərlə çıxıb.

Haqq savaşımız başlayan gündən 1 oktyabr 2020-ci ilədək ağır müharibə meydanlarında yağının kabusuna çevrilən qəhrəman döyüşçü Cəbrayılda, Füzulidə hər qarış torpaq uğrunda göstərdiyi hünərlə, sözün əsl mənasında tarix yazıb. Döyüş taktikasını yaxşı bilməklə və həmişə öndə olmaqla çoxlu sayda dığanın axırına çıxıb, onların neçə hərbi texnikasını məhv edib. Düşmən məğlub olsa da, Tehran qəfil atılan gülləyə tuş gəlib, əbədi olaraq ürəyi dayanıb. Cənazəsi Biləsuvar rayonuna gətirilərək doğma kənd məzaristanda torpağa tapşırılıb.

28 yaşında vətənpərvərliyin ən ali məqamına yetişən, əbədi yaşamaq üçün mənən ürəklərə köç edən zəfər şəhidi Tehran Cəfərov ölümündən sonra “Vətən uğrunda“, “İgidliyə görə” və digər medallara layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü