Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
“İki sahil” DİM-ə istinadən xəbər verir ki, bu gün Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Yasamal rayonları, Abşeron (II hissə), Sumqayıt (II hissə), Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Göyçay, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Masallı, Astara, Yardımlı, Lerik, Ağcabədi, Beyləqan, Ağdam (o cümlədən Xıdırlı, Kəngərli kənd tam orta məktəbləri), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd orta məktəbləri), Xankəndi (Şəhər 4 nömrəli məktəb), Şuşa (Şəhər 1 nömrəli məktəb), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Kəlbəcər (Şəhər 1 nömrəli tam orta məktəb), Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusarda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 15-də Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə və hərbi liseylərdə təhsil alanlar da imtahan verirlər.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Martın 15-də keçiriləcək imtahanda 62033 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.