14 mart 2026 13:50
126

Parlamentlərarası İttifaqın prezidenti: Süni intellektin insan hüquqlarına mənfi təsiri nəzərə alınmalıdır

Hazırda süni intellekt əsasən özəl müəssisələrin əlinə keçib, amma, eyni zamanda, dövlətin icraedici qolunda da mövcuddur. Bu özəl şirkətlər hökumətlərə qarşı real məsuliyyət daşımırlar.

“İki sahil” xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusundakı panel iclasında deyib.

Tulia Akson qeyd edib ki, özəl şirkətlərin hazırladıqları məhsullar bütün dünyada istifadə olunur. Amma məhsullar hazırlanarkən əsasən yerli mühitə uyğun inkişaf etdirilir və bəzən digər bölgələrin ehtiyacları nəzərə alınmır. Halbuki həmin bölgələr də bu məhsulların istifadəçiləri olacaqlar. Məsələn, Qlobal Cənubun bu sahədə iştirakı çox məhduddur, çünki istifadə olunan alətlər əksər hallarda başqa yerlərdə hazırlanır və ya digər regionlarda istifadə edilməlidir.

Hazırkı vəziyyətdə mövcud olan çatışmazlıqlardan bəhs edən Parlamentlərarası İttifaqın prezidenti vurğulayıb ki, süni intellektin demokratiya və demokratik proseslərə, həmçinin insan hüquqlarına təsiri nəzərə alınmalıdır. “Burada “deepfake” texnologiyaları və onların insanların həyatına təsiri məsələsi də gündəmə gəlir. Parlamentarilər olaraq tələb etdiyimiz əsas məsələ şəffaflıqdır. Biz yalnız bunu deməklə kifayətlənmirik, eyni zamanda, bu proseslərin demokratik proseslərə və insan hüquqlarına mənfi təsir göstərməməsini təmin etmək istəyirik”, - deyə o vurğulayıb.