13 mart 2026 10:57
84

Şəki və Qəbələdə 1500-ə yaxın ağac əkilib

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyasının 2026-cı ilin yaz mövsümü çərçivəsində növbəti aksiyaları Şəki və Qəbələ rayonlarında təşkil edilib.

“İki sahil” xəbər verir ki, bu barədə IDEA İctimai Birliyi məlumat yayıb. Bildirilib ki, aksiyalar IDEA könüllülərinin iştirakı ilə Qəbələ rayonunun Xırxatala kəndində və Şəki rayonunun Turan qəsəbəsində keçirilib. Tədbir çərçivəsində ümumilikdə 1500-ə yaxın ağac əkilib. Əkilən ağaclar arasında Eldar şamı, çinar və sidr kimi növlər yer alıb.

Qeyd olunub ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nun – “Yaşıl marafon”un əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Bildirilib ki, “Yaşıl marafon” çərçivəsində ötən ilin payız və 2026-cı ilin yaz əkin mövsümlərini əhatə edən ağacəkmə aksiyaları zamanı ölkə üzrə ümumilikdə iki milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.