13 mart 2026 09:57
107

Məktəbyaşlı uşaqların istehlakçı hüquqları barədə maarifləndirilməsi məqsədilə açıq dərslər keçirilib

Orta ümumtəhsil məktəblərində təhsil alan kiçik istehlakçılara öz hüquqları praktiki misallarla izah olunub, onları maraqlandıran suallar cavablandırılıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində Bakı şəhərinin ümumtəhsil məktəblərində təhsil alan kiçik istehlakçılarla görüşlərin keçirilməsi davam etdirilir.

Məktəbyaşlı uşaqlara istehlakçı hüquqları ilə bağlı ilkin biliklərin aşılanması məqsədilə növbəti açıq dərs Xəzər rayonu 121 nömrəli və Pirallahı qəsəbəsi 235 nömrəli tam orta ümumtəhsil məktəblərinin şagirdləri üçün keçirilib.

Açıq dərs zamanı Agentliyin əməkdaşları tərəfindən təqdimatlar edilib, kiçik istehlakçılara məhsulun dəyişdirilməsi və qaytarılması zamanı riayət olunmalı qaydalar, eləcə də geri qaytarılması mümkün olmayan mallar barədə ətraflı məlumat verilib. Həmçinin şagirdlərə mağazada mal alarkən və ya hər hansı xidmətdən istifadə edərkən məlumat almaq, sərbəst seçim etmək hüquqları praktiki misallarla izah olunub və bu hüquqları necə qorumalı olduqlarına dair tövsiyələr verilib.

Görüş zamanı məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb, onları maraqlandıran məqamlara aydınlıq gətirilib.