Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudia Rossbax ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Anar Quliyev bu barədə "X"dəki hesabında yazıb.
Görüş zamanı may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13Azerbaijan) hazırlıq prosesini müzakirə edilib.
"Qeyd olundu ki, qarşıdan gələn tədbirə beynəlxalq maraq yüksəkdir və bugünədək artıq 15 000-ə yaxın iştirakçı qeydiyyatdan keçib" , - o bildirib və əlavə edib ki, forumun təşkilinə dair əsas məsələlər və hazırlıq çərçivəsində qarşıda duran addımlardan bəhs olunub:
"Əminik ki, WUF13 dayanıqlı şəhər inkişafı və mənzil siyasəti ilə bağlı qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma olacaq.
Eyni zamanda, Azərbaycan ilə UNHabitat arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən birgə layihələr barədə fikir mübadiləsi apardıq".