12 mart 2026 13:36
113

Gəncə və Salyanda Dövlət Aqrar İnkişaf Mərkəzlərinin regional müşavirəsi keçirilib

Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) regional müşavirəsi keçirilib. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Nazirlik Aparatının məsul şəxsləri, tabeli qurumların rəhbərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux, Ağcabədi, Bərdə, Tərtər, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab, Xocalı, Laçın və Kəlbəcər rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda fevralın 13-də keçirilən müşavirədə verdiyi tapşırıqların icrası, aqrar sahədə aparılan monitorinqlərin nəticələri, kənd təsərrüfatının aktual məsələləri müzakirə olunub.  

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub: “Dövlət başçısı tərəfindən ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması qarşımıza qoyulmuş əsas vəzifələrdir”.

Nazir müavini qeyd edib ki, DAİM-lər rayonlarda fermerlərlə işin sürətləndirilməsi, Dövlət Proqramları ilə əlaqədar işlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətə xüsusi diqqət yetirməlidirlər.

Müşavirədə çıxış edən DAİM direktorları aqrar sahədə həyata keçirilən tədbirlər və mərkəzlərin bu istiqamətdə fəaliyyətinə toxunublar.

Tədbirdə kənd təsərrüfatının inkişafı, aqrar sahədə istehsal prosesinin təşkili, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, texnika və gübrə ilə təminat, fermerlərin qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində görülən tədbirlər ətrafında müzakirələr aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

Xatırladaq ki, bundan əvvəl Salyan DAİM-in inzibati binasında Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Biləsuvar, Neftçala, Salyan, Cəbrayıl, Xocavənd və Füzuli DAİM-nin direktorlarının iştirakı ilə müşavirə keçirilib. Müşavirədə aqrar sahənin aktual məsələləri, regionda kənd təsərrüfatının mövcud inkişaf vəziyyəti, fermerlərin qarşılaşdıqları problemlər və onların həlli istiqamətində görülən tədbirlər müzakirə olunub. Həmçinin qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.