12 mart 2026 10:39
130

“Məmməd Süleymanov” gəmisi SOCAR-ın “Qoşadaş” sahəsindəki tədqiqat işlərinə cəlb olunub

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Məmməd Süleymanov” mühəndis-geoloji gəmisi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qoşadaş” sahəsində həyata keçirilən dəniz dibi tədqiqatlarında iştirak edir.

“İki sahil” xəbər verir ki, bu barədə ASCO-dan məlumat verilib. Bildirilib ki, işlərə başlamazdan əvvəl gəmi Qaradağ limanında layihəyə hazırlıq məqsədilə müvafiq avadanlıqlarla təchiz olunub.

“Məmməd Süleymanov” gəmisi dənizin kontinental şelfində stasionar hidrotexniki qurğuların tikintisinin və üzən qazma qurğuların nöqtəyə qoyulmasının təmin edilməsi məqsədilə dəniz dibinin mühəndis-geoloji tədqiqatlarının aparılması və mühəndis-geoloji planının hazırlanması üçün nəzərdə tutulub.

Gəmi vasitəsilə dənizin 300 metrədək dərinliyində çöküntü süxurlarının yuxarı qatının geoloji quruluşu seysmoakustik metodlarla, həmçinin qurunt nümunələri götürülməklə öyrənilir.

“Məmməd Süleymanov” gəmisinin uzunluğu 45 metr, eni 9 metr, bortunun hündürlüyü isə 5 metrdir.