11 mart 2026 20:03
110

Nikol Paşinyan: Ermənistanın TRIPP layihəsini həyata keçirməmək və ya təxirə salmaq üçün heç bir əsası yoxdur

Artıq səkkiz aydır ki, Ermənistan-Azərbaycan sərhədində tam sülh bərqərar olub. 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra yalnız 2025-ci ildən bəri Ermənistanla Azərbaycan arasında atışma nəticəsində heç bir itki və ya yaralanma yoxdur.

“İki sahil” xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentində çıxışı zamanı söyləyib.

O, xüsusilə qeyd edib ki, sərhəd kəndlərinin sakinləri bir neçə aydır atəş səsi eşitmirlər. Bundan əlavə, müstəqillikdən bəri ilk dəfə olaraq, 2025-ci ilin noyabr ayında Azərbaycan və Gürcüstan ərazilərindən keçən qatar Ermənistan Respublikasına çatıb.

N.Paşinyan deyib: “Bu, Azərbaycan Prezidentinin 2025-ci ilin oktyabr ayında Azərbaycandan Ermənistana dəmir yolu ilə daşınmalara qoyulan məhdudiyyətlərin aradan qaldırılacağını elan etməsindən sonra baş verdi. Mən bu qərara görə, Azərbaycan Prezidentinə minnətdaram”.

“Biz də öz növbəmizdə bildirdik ki, Azərbaycandan Türkiyəyə və geriyə tranziti dərhal təmin etməyə hazırıq, çünki bunu artıq mövcud yollardan istifadə etməklə edə bilərik”, – deyə o vurğulayıb.

Hökumət başçısı bəyan edib ki, Ermənistanın TRIPP layihəsini həyata keçirməmək və ya təxirə salmaq üçün heç bir əsası yoxdur.