Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydalarına uyğun olaraq, Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Ağdərə rayonu Həsənriz kənd sakinlərinin bilik və bacarıqlarını artırmaq və innovativ yanaşmaları tətbiq etmək məqsədilə təşkil olunan təlimlər uğurla başa çatıb.
“İki sahil” xəbər verir ki, təlim proqramının əsas məqsədi kənd sakinlərinin müasir aqrar biliklərə yiyələnməsinə dəstək göstərmək, kənd təsərrüfatı sahəsində innovativ yanaşmaların tətbiqini təşviq etmək və gələcək təsərrüfat fəaliyyətinin daha səmərəli təşkilinə töhfə verməkdən olub. Bu istiqamətdə təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin metodiki yanaşmaları və aqrar sahədə tətbiq olunan müasir təcrübələr əsasında hazırlanmış proqram üzrə həyata keçirilib.
Ümumilikdə Həsənriz kəndindən 105 nəfər sakinin iştirak etdiyi proqram çərçivəsində 12 modul üzrə 29 təlim təşkil olunub. Təlimlər zamanı iştirakçılara elektron kənd təsərrüfatı sistemləri, meyvəçilik və tərəvəzçilik, bitkiçilik və əkinçilik sahələrində müasir yanaşmalar, kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, təsərrüfatın düzgün təşkili, müasir suvarma sistemləri, yem bitkilərinin yetişdirilməsi, iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsirləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət zamanı nəzərə alınmalı davranış qaydaları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, kənd təsərrüfatı sahəsində göstərilən dövlət dəstəyi mexanizmləri və bu imkanlardan istifadə qaydaları da iştirakçıların diqqətinə çatdırılıb.
Təlim proqramının sonunda iştirakçıların əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə yekun imtahan təşkil olunub. İmtahanın nəticələrinə əsasən 92 nəfər iştirakçı imtahanı uğurla başa vuraraq “Müvəffəqiyyət sertifikatı” əldə edib. Ümumilikdə isə Aqrar Təlim Mərkəzi tərəfindən indiyədək işğaldan azad edilmiş ərazilərdə – Zəngilan rayonunun Ağalı, Xocalı rayonunun Ballıca və Xanyurdu, həmçinin Laçın rayonunun Zabux kəndlərində təşkil olunan təlimləri müvəffəqiyyətlə tamamlayan 445 nəfər kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi prosesində birbaşa üstünlük hüququ qazanıb. Bu isə onlara torpaq resurslarından daha səmərəli istifadə etmək və öz təsərrüfatlarını qurmaq üçün real imkanlar yaradıb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafı istiqamətində həyata keçirilən bu kimi təlim proqramları yerli sakinlərin kənd təsərrüfatı sahəsində bilik və bacarıqlarının gücləndirilməsinə, torpaq resurslarından səmərəli istifadəyə və regionda dayanıqlı kənd təsərrüfatı fəaliyyətinin formalaşmasına xidmət edir.