11 mart 2026 12:02
109

İran döyüş taktikasını dəyişib

İran Silahlı Qüvvələri ABŞ və İsrailin birgə hərbi əməliyyatları fonunda döyüş taktikasını dəyişib.

“İki sahil” xəbər verir ki,  bu barədə "The New York Times" ABŞ hərbi rəsmilərinə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Iran rəhbərliyi ABŞ və İsrail ilə birbaşa atəş gücü baxımından rəqabət aparmağın mümkün olmadığını anlayır. Buna görə də Tehran daha fərqli yanaşmaya keçib. İran üçün əsas məqsəd kütləvi zərbələr altında belə mövcudluğunu qorumaqdır, çünki bu, ölkə daxilində siyasi baxımdan “müqavimət və qələbə” kimi təqdim oluna bilər.

Ekspertlərin qiymətləndirməsinə görə, İran hərbi strategiyasını ABŞ-ın regiondakı müdafiə sistemlərinin zəif nöqtələrinə yönəldib. Xüsusilə, raketlərin qarşısını alan sistemləri, ABŞ hərbi bazalarını qoruyan hava hücumundan müdafiə sistemlərini hədəfə alınır.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Dan Caine bildirib ki, münaqişənin gedişində İranın taktikasında dəyişiklik müşahidə olunur.

Onun sözlərinə görə, İranın raket və pilotsuz uçuş aparatları ilə hücumlarının sayı da azalıb: ballistik raket zərbələri 90%, birdəfəlik istifadə olunan dron hücumları isə 83% azalıb.

Pentagon nümayəndələri qapalı brifinqlərdə bildiriblər ki, buna baxmayaraq İran hələ də raket və buraxılış qurğularının təxminən 50%-nə sahibdir. ABŞ rəsmiləri həmçinin etiraf edirlər ki, İranın bütün raket mövqeləri barədə tam məlumatları yoxdur.

Hərbi ekspertlərin fikrincə, Tehran bəzi raketləri strateji ehtiyat kimi saxlayır və onları ABŞ-ın regiondakı mühüm obyektlərinə, o cümlədən radiolokasiya stansiyalarına qarşı mümkün zərbələr üçün qoruyur.