11 mart 2026 11:42
120

İİTKM-in “İslam ölkələrinin iqtisadi potensialı” kitabının ikinci cildi “Emerald” nəşriyyatında çap edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən hazırlanan “The Economic Potential of Islamic Countries” (“İslam ölkələrinin iqtisadi potensialı”) adlı iki cildlik tədqiqat əsərinin ikinci cildi Böyük Britaniyanın nüfuzlu “Emerald” nəşriyyatı tərəfindən çap edilib.

“İki sahil” xəbər verir ki, İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının baş redaktorluğu ilə hazırlanmış nəşr “Scopus” elmi bazasında indeksləşdirilib və İslam ölkələrinin iqtisadi və sosial inkişaf potensialının geniş elmi təhlili kimi xüsusi əhəmiyyət daşıyır.

Kitabda İslam ölkələrinin iqtisadi inkişaf perspektivləri dayanıqlı inkişaf, idarəetmə, enerji transformasiyası və rəqəmsal iqtisadiyyat kimi mühüm istiqamətlər kontekstində təhlil olunur. Qlobal iqtisadi mühitin sürətlə dəyişdiyi, texnoloji irəliləyişlərin, geosiyasi transformasiyaların və iqlim dəyişikliklərinin iqtisadi sistemlərə ciddi təsir göstərdiyi bir dövrdə nəşr İslam ölkələrinin kollektiv iqtisadi potensialından daha səmərəli istifadə imkanlarını araşdırır. Eyni zamanda bu ölkələrin qarşısında duran iqtisadiyyatın şaxələndirilməsi, siyasi sabitlik və infrastrukturun inkişafı kimi əsas çağırışlara da diqqət yetirilir.

Kitab 20-dən çox İslam ölkəsindən nüfuzlu beyin mərkəzlərini təmsil edən 47 müəllifin iştirakı ilə hazırlanıb. Nəşrdə İCESCO və OIC SESRIC kimi beynəlxalq qurumların ayrıca fəsillərlə təmsil olunması layihənin elmi və institusional əhəmiyyətini daha da artıraraq onu İslam ölkələrinin iqtisadi və sosial inkişaf potensialının genişmiqyaslı akademik təhlillərindən birinə çevirir.

Qeyd edək ki, layihə “Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2023-cü il tarixli Sərəncamı və Nazirlər Kabinetinin 19 yanvar 2024-cü il tarixli 33s nömrəli Sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilən tapşırıqların icrası çərçivəsində hazırlanıb.

Ötən il nəşr olunan kitabın birinci cildində iqtisadi əməkdaşlıq, fiskal siyasət və İslam maliyyəsi kimi mövzular araşdırılıb. Hər iki cild İƏT və D-8 ölkələrinin təcrübələrini müqayisəli şəkildə təqdim etməklə yanaşı, Azərbaycanın regional əməkdaşlıq və enerji diplomatiyasında artan rolunu da ön plana çıxarır.

Kitab hazırda “Amazon”, “Google Books” və “Books-A-Million” platformalarında satışdadır və bu da onun oxucular və tədqiqatçılar üçün qlobal miqyasda geniş əlçatanlığını təmin edir.