11 mart 2026 11:15
115

Yaxın Şərqdə turizm sektoru gündə 600 MİLYON DOLLAR İTİRİR

Yaxın Şərqdə artan münaqişə və təhlükəsizliklə bağlı narahatlıqlar regionun turizm sənayesinə ciddi zərbə vurur.

“İki sahil” xəbər verir ki, "Financial Times" qəzetinin yazdığına görə, vəziyyət turizm sektoruna hər gün təxminən 600 milyon dollar zərər gətirir.

Məlumata görə, uçuşların ləğv edilməsi, bəzi ölkələrin hava məkanını bağlaması və səyahətçilər arasında artan narahatlıq region iqtisadiyyatına mənfi təsir göstərir. Bu qiymətləndirmə World Travel & Tourism Council (WTTC) tərəfindən açıqlanıb.

Qəzet qeyd edir ki, turistlər regiona planlaşdırdıqları səfərləri sürətlə ləğv etməyə başlayıblar. Analitik şirkət AirDNA-nın məlumatına görə, yalnız Dubay şəhərində martın 6-dək olan həftə ərzində qısamüddətli kirayə mənzillər üzrə 80 mindən çox rezervasiya ləğv edilib.

Halbuki münaqişə başlamazdan əvvəl WTTC 2026-cı ildə xarici turistlərin Yaxın Şərqdə təxminən 207 milyard dollar xərcləyəcəyini proqnozlaşdırmışdı.